AR ETN Coğrafiya İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib Fev 26, 2026 | 12:02 / TƏDBİRLƏR

          26 fevral tarixində AR ETN Coğrafiya İnstitutunda “Xocalı soyqırımı”nın 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Tədbiri giriş sözü ilə İnstitutun direktoru vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açaraq bildirib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən ağır və qəddar cinayətlərdən biridir. Bu soyqırımı xalqımızın yaddaşında silinməz iz qoymuş qanlı faciədir və bu hadisənin heç vaxt unudulmaması, qurbanların əziz xatirəsinin daim uca tutulması hər bir vətəndaşın mənəvi borcu və tarixi məsuliyyətidir.   

     Tədbirdə qonaq qismində çıxış edən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov Xocalı soyqırımının uzun illər beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi-hüquqi qiymətini almadığını təəssüf hissi ilə vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq aktı törədilib, yüzlərlə günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Fuad Çıraqov qeyd edib ki, həmin hadisələr təkcə bir şəhərin işğalı deyil, məqsədyönlü şəkildə mülki əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğın idi. Bu faciə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin açıq şəkildə tapdanmasının ən dəhşətli nümunələrindən biri kimi tarixə düşüb.O vurğulayıb ki, beynəlxalq təşkilatların və dünya birliyinin uzun müddət bu hadisələrə adekvat reaksiya verməməsi ədalətin gecikməsinə səbəb olub və ikili standartların mövcudluğunu bir daha nümayiş etdirib.F.Çıraqov çıxışında bildirib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü informasiya siyasəti nəticəsində Xocalı həqiqətləri artıq dünyanın müxtəlif ölkələrində tanınır, bir sıra dövlətlərin parlamentləri tərəfindən bu faciəyə hüquqi-siyasi qiymət verilib.

     Tədbirdə İnstitutun əməkdaşları da çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı iki əsrə yaxın müddətdə azərbaycanlılara qarşı həyata keçirilən ardıcıl deportasiya və soyqırımı siyasətinin davamı kimi qiymətləndirilməlidir.Vurğulanıb ki, artıq dünya ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü informasiya siyasəti nəticəsində Xocalı soyqırımı haqqında geniş məlumatlandırılıb. 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Xocalı şəhidlərinin qisası döyüş meydanında alınıb.

      Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək qeyd edib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin növbəti dəhşətli təzahürüdür. O vurğulayıb ki, 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələr heç vaxt unudulmayacaq, bu qanlı səhifə tariximizin yaddaşında daim yaşayacaq.

      Tədbirin sonunda bir daha bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi hər zaman ehtiramla yad olunacaq.