AR ETN Coğrafiya İnstitutunun 2026-cı il üçün Mülki müdafiə tədbirləri planına əsasən, 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbir İnstitutun Mülki Müdafiə Qərargahının təşkilatçılığı ilə baş tutub.
1 Mart – Ümumdünya Mülki Müdafiə Günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə təsis edilib və hər il kütləvi humanitar tədbir kimi qeyd olunur. Qeyd edək ki, təşkilatın Baş Məclisinin qərarına əsasən 1972-ci ildən etibarən martın 1-i bu quruma üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Azərbaycan isə bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə üzv olub.
Tədbirdə çıxış edən Mülki Müdafiə Qərargahının rəisi Ruslan Məhəmmədov mülki müdafiə sisteminin yaranma tarixi, əsas məqsədləri və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, mülki müdafiənin başlıca məqsədi əhalinin fövqəladə hallardan qorunması, mümkün risklərin azaldılması və baş verə biləcək təbii və texnogen fəlakətlərin nəticələrinin minimuma endirilməsidir.
İnstitutun İnzibati şöbəsinin müdiri Həmdulla Əliyev çıxışında mülki müdafiənin cəmiyyət həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, hər bir insan fövqəladə hadisələr və digər təhlükəli hallar zamanı davranış qaydalarını bilməlidir. Bu biliklər panikanın qarşısının alınmasına, operativ və düzgün qərar qəbul edilməsinə, eləcə də insan həyatının və sağlamlığının qorunmasına xidmət edir.
Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı isə çıxışında 2023-cü ildə Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin ağır nəticələrini xatırladaraq, fövqəladə hallara hazırlığın və operativ müdaxilənin vacibliyini vurğulayıb. O bildirib ki, təbii fəlakətlər zamanı vaxtında görülən qabaqlayıcı tədbirlər və düzgün davranış qaydaları insan itkilərinin sayının azalmasına mühüm təsir göstərir.
Tədbir çərçivəsində iştirakçılara fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində tövsiyələr verilib, əyani vəsaitlər nümayiş etdirilib. İnstitutun giriş hissəsində mülki müdafiəyə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə fərdi mühafizə vasitələri, müxtəlif cihazlar, yanğınsöndürmə avadanlıqları, eləcə də ilk tibbi yardım qaydaları barədə ətraflı məlumat təqdim olunub.
Sonda belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb və əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının əhəmiyyəti qeyd edilib.