AR ETN  Coğrafiya İnstitutunun əməkdaşları Azərbaycanda Şəhərsalma və Memarlıq İlinə həsr olunmuş tədbirdə iştirak ediblər Apr 06, 2026 | 12:04 / TƏDBİRLƏR

AR ETN Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının müdiri, c.e.d., dos. Mirnuh İsmayılov, c.ü.f.d, dos, aparıcı elmi işçi İrina Kuçinskaya, c.ü.f.d, dos, böyük elmi işçi Elina Kərimova, həmçinin böyük laborant Şəfiqə Vəliyeva  03 aprel tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilmiş “Şəhərsalma və memarlıqda transformasiya” mövzusunda interaktiv seminarda iştirak etmişlər.

Seminarda əsas məruzə ilə Mirnuh İsmayılov “Urbanizasiya şəraitində təbii landşaftların transformasiyası” mövzusunda çıxış etmişdir. O, öz məruzəsində Azərbaycan Respublikası və Bakı şəhərinin gələcək inkişafı dinamikasında landşaft-ekoloji karkasının formalaşdırılması, yaşıl və hibrid dəhlizlərin inkişafı və onların şəhər ekosisteminin ekoloji dayanıqlığının təmin edilməsində rolundan ətraflı bəhs etmişdir. Eyni zamanda əhalinin sayının artması, tikinti sıxlığının yüksəlməsi və bununla bağlı yaranan ekoloji problemlər xüsusi vurğulanmışdır. Məruzədə həmçinin dayanıqlı inkişaf prinsipləri əsasında şəhər məkanının səmərəli təşkili, biomüxtəlifliyin qorunması və ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində elmi yanaşmalar təqdim olunmuşdur.

Seminar çərçivəsində müasir şəhərsalma, memarlıqda innovativ texnologiyaların tətbiqi və ekoloji yanaşmalarla bağlı fikir mübadiləsi aparılmışdır. İştirakçılar belə tədbirlərin elmi əməkdaşlığın inkişafı və aktual problemlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd etmişlər.