AR ETN Coğrafiya İnstitutu PHŞ-nın Elmi Şurasının növbəti iclası keçirilib Apr 09, 2026 | 11:04 / ELMİ İCLASLAR

      Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.

     İclasın gündəliyinə uyğun olaraq bir sıra elmi və təşkilati məsələlər müzakirə olunub. Gündəlikdə yer alan əsas mövzulardan biri laboratoriya müdiri, coğrafiya elmləri doktoru Stara Tarixazər və Nurtən Həşimovanın “Gəncə–Göygöl yolunun istismarına yamac proseslərinin təsirinin qiymətləndirilməsi” mövzusunda çıxışı olub.Çıxış Şura üzvləri tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

     Daha sonra “Data və Analitika Ofisi” sektorunun müdiri Aslan Babaxanov cari ilin ilk 3 ayı üzrə hesabatı təqdim edib. Hesabatda institutda aparılan elmi-tədqiqat işlərinin nəticələri, rəqəmsal məlumatların idarə olunması, analitik fəaliyyət istiqamətində görülən işlər və gələcək planlar ətraflı şəkildə əks olunub. Təqdimat Şura üzvləri tərəfindən böyük maraqla dinlənilib və bir sıra suallar cavablandırılıb.

    İclasda həmçinin “Geoməkan analitikası və kartoqrafiya laboratoriyası”nın müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərovanın dosentlik elmi adının alınması üçün müvafiq sənədləri rəsmi qaydada təqdim olunub.

Təqdim edilən sənədlərə baxış keçirildikdən sonra məsələ ilə bağlı yekun rəy verilib. Bildirilib ki, Ali Attestasiya Komissiyasının (AAK) bəzi cari tələbləri və düzəlişləri nəzərə alınmaqla, sənədlər yenidən işlənilməli və İnstitutun Elmi Şurasına təqdim olunmalıdır.