Azərbaycanda iqlim dəyişiklikləri sel, daşqın və dolu kimi təbii hadisələrin artması, həmçinin temperaturun yüksəlməsi və yağıntının azalması ilə müşahidə olunur. Bu proseslər meridional sirkulyasiyanın güclənməsi və cənub siklonlarının təsirinin artması ilə əlaqələndirilir. Araşdırmalara görə, dəyişikliklər Günəş fəallığının yüksəlməsi ilə də bağlıdır.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev məlumat verib. O qeyd edib ki, son günlər ölkə ərazisində, xüsusilə Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti də bu proseslərin təsiri ilə izah olunur. Paytaxtda baş verən subasma hadisəsinin ölkənin şimal-şərqində formalaşan və geniş ərazini əhatə edən, troposferin orta təbəqələrində yaranmış güclü siklonla bağlı olduğu bildirilir. Müşahidə edilən intensiv yağıntılar, eləcə də Böyük Qafqazın şimal-şərq yamacında yerləşən çaylarda qeydə alınan güclü sel hadisələri isə cənub siklonlarının ölkə ərazisinə daxil olması ilə əlaqələndirilir.
H.Nəbiyev hazırda müşahidə olunan iqlim dəyişmələrini qlobal istiləşmə prosesinin davamı kimi qiymətləndirib. O deyib ki, Yer səthində temperaturun artması okean səviyyəsinin yüksəlməsi, qar və buz örtüyünün sahəsinin azalması ilə müşayiət olunur. Azərbaycanda da qar xəttinin yuxarı qalxması və dağ buzlaqlarının sahəsinin əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə edilir. Bununla yanaşı, orta sutkalıq temperaturun müəyyən hədləri keçmə tarixlərinin yazda erkənləşməsi, payızda isə gecikməsi, bu dövrün uzanması və aqroiqlim göstəricilərinin artması da iqlim dəyişmələrinin dolayı əlamətləri kimi göstərilir.