Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geomorfologiya və paleocoğrafiya və Landşaftşünaslıq və landşaft planlaşdırılması laboratoriyalarının əməkdaşları intensiv yağıntıların səbəb olduğu sürüşmə və sel hadisələrinin nəticələrini araşdırmaq məqsədilə Qusar və Quba rayonlarına ezam olunublar.
İnstitutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər AZƏRTAC-a açıqlamasında bildirib ki, aparılan tədqiqatlar nəticəsində Cağar, Kuzun, Gicanoba, Əcəxur, Laza və digər kəndlərdə genişmiqyaslı sürüşmələr aşkar edilib. Təxminən 400 nəfər əhalisi olan Cağar kəndində sürüşmə sahəsi yaşayış evlərinə qədər yaxınlaşıb, bir ev üçün ciddi təhlükə yaradıb. Ərazidə dərinliyi 1,5 metrdən artıq olan çatlar qeydə alınıb. Sürüşmə prosesi hazırda da aktivdir. Həmin kənddə baş vermiş uçqun isə yerli sakinin həyətyanı sahəsinə ziyanvurma təhlükəsi yaradır. Kuzun, Gicanoba və Əcəxur kəndlərində bir neçə yaşayış evi sürüşmə təhlükəli zonada yerləşir. Laza kəndinə gedən avtomobil yolu zədələnib, asfalt örtüyü dağıdıb. Həmçinin Piral və Yasab kəndlərini birləşdirən, 21 yaşayış məntəqəsinə xidmət göstərən yol da dağıntıya məruz qalıb. Yuxarı Tahircal, Yuxarı Qələnxur, Aşağı Qələnxur və Zuxul kəndlərinin yolları sürüşmələr nəticəsində zədələnib, Zindanmuruq və Çətkin kəndlərində isə çınqıl yollar ciddi zərər görüb. Şahdağ istiqamətində gedən avtomobil yolunda iki aktiv sürüşmə ocağı müşahidə olunur.
Qusar rayonunun Kuzun, Əniğ, Xuray, Cağar, Çətkin, Hik, Mucuq, Yuxarı Tahircal və Zuxul kəndlərinin daxili yolları sel suları tərəfindən yuyularaq yararsız hala düşüb. Suvacal, Gündüzqala, Əniğ və Mucuq kəndlərindəki körpülər istifadəyə yararsız vəziyyətdədir.
Daha sonra Quba rayonunda yerləşən Quba–Qonaqkənd avtomobil yolunda monitorinq aparılıb. Uzunluğu 46 kilometr olan bu yol 3 və 4-cü texniki kateqoriyalara aid olub, 25 yaşayış məntəqəsini birləşdirir və burada 11 mindən çox əhali yaşayır. Güclü və intensiv yağıntılar çoxsaylı və irihəcmli sürüşmələrin inkişafına səbəb olub.
Qeyd edilib ki, bu regionda təhlükəli ekzodinamik proseslərin inkişafı üçün bütün təbii şərait mövcuddur. Quba–Qusar zonasında müasir sürüşmə, sürüşmə-uçqun və uçqun mənşəli relyef formalarının yaranması neotektonik hərəkətlərin diferensial xarakteri və gil tərkibli süxurların üstünlük təşkil etməsi ilə bağlıdır.
“Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, sürüşmələrin geniş yayılması əhəngdaşları, gil, qumdaşı və gil şistlərinin mövcudluğu, mürəkkəb tektonik quruluş, süxurların yüksək çatlılığı, aktiv qırılma və üstəgəlmələrin inkişafı, bol atmosfer yağıntıları və ərazinin seysmikliyi ilə bağlıdır. Ən geniş yayılmış proseslər sürüşmələr və sürüşmə-axın (işqınlar) formalarıdır. Əksər sürüşmələr Böyük Qafqazın Baş silsiləsinin şimal yamaclarına və struktur-eroziya dağlarının yamaclarına aiddir. Bu, həmin yamacları təşkil edən gil və əhəngdaşı tərkibli süxurların laylanması ilə izah olunur”, - deyə S.Tarixazər bildirib.