AR ETN Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib Apr 16, 2026 | 03:04 / ELMİ İCLASLAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq bir sıra elmi və təşkilati məsələlər müzakirə olunub. Coğrafiya İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalova, “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılovla birgə həyata keçirilmiş “Şəhərsalma və memarlıq” dövlət proqramı çərçivəsində aparılan tədqiqatların yekun hesabatını Şura üzvlərinə təqdim edib.O, aparılmış elmi araşdırmaların əsas nəticələri, əldə olunmuş nailiyyətlər və onların praktik əhəmiyyəti barədə ətraflı məlumat verib. Təqdimat Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib, Əməkdaşlarının qarşıya qoyulan elmi məqsədlərə uğurla nail olduqları xüsusi vurğulanıb.

“Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova intensiv yağıntıların yaratdığı sürüşmə və sel hadisələrinin nəticələrinə dair apardığı tədqiqatların yekunlarını təqdim edib. Quba və Qusar rayonlarında aparılmış müşahidələr əsasında bildirilib ki, uzunmüddətli və güclü yağıntılar torpağın həddindən artıq rütubətlənməsinə, yamacların dayanıqlığının zəifləməsinə və nəticədə sürüşmə proseslərinin aktivləşməsinə səbəb olur. Eyni zamanda, çaylarda su səviyyəsinin kəskin artması sel hadisələrinin yaranmasına gətirib çıxarır. Məruzədə bu təbii proseslərin kənd təsərrüfatına, infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə göstərdiyi mənfi təsirlər geniş təhlil olunub. Çıxış iclas iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanıb.

Daha sonra “Strateji inkişaf, monitorinq və qiymətləndirmə” sektorunun müdiri Sərxan Cəfərov üç aylıq fəaliyyət hesabatı ilə çıxış edib. O, Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən “Təbii ehtiyatlar” və “Aqroinnovasiyalar” elmi jurnallarının keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Təqdimat zamanı məqalələrin hazırlanması, strukturlaşdırılması və tərtibat qaydaları sistemli şəkildə izah olunub, müəlliflər üçün mühüm metodiki tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, elmi nəşrlərin beynəlxalq indekslərə inteqrasiyasının əhəmiyyəti xüsusi vurğulanıb. Çıxış geniş maraq doğurub və mövzu ətrafında səmərəli müzakirələr aparılıb,suallar cavablandırılıb.

İclasda həmçinin “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərovanın dosentlik elmi adını almaq üçün təqdim etdiyi sənədlərə baxılıb. Sənədlər müvafiq qaydada nəzərdən keçirilib, namizədin elmi fəaliyyəti və əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.

Qəbul olunan qərara əsasən, Natavan Cəfərovanın dosentlik elmi adının verilməsi ilə bağlı sənədlərin Ali Attestasiya Komissiyasına təqdim olunması məqsədəuyğun hesab edilib.