İki gün öncə Bakıda dolu müşahidə olunub. Paytaxtın bəzi ərazilərində şiddətli yağıntı qeydə alınıb. Dolu hadisəsi Abşeron yarımadası üçün xarakterik olmasa da, son illərdə bu cür halların müşahidə tezliyi artmaqdadır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov məlumat verib. Onun sözlərinə görə, yaz aylarında atmosfer prosesləri qeyri-sabit xarakter daşıyır və xüsusilə bu il martın sonu – aprelin əvvəllərində yüksək aktivlik müşahidə edilir.
Qeyd olunub ki, hazırda respublika ərazisində baş verən hadisələr əsasən konvektiv proseslərlə bağlıdır. Ərazinin müxtəlif hissələrinin fərqli qızması, eləcə də regiona daxil olan soyuq və rütubətli hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə güclü yüksələn hava axınları yaranır. Bu zaman rütubətli hava yuxarı qalxaraq kondensasiya olunur, buludlar formalaşır və daha yüksək qatlarda kristallaşma prosesi baş verir ki, bunun nəticəsində müxtəlif intensivli leysan yağışları və bəzən isə dolu düşməsi müşahidə olunur.
Aprel ayının sərin keçməsi fonunda atmosferdə 0°C -yə uyğun izoterminin yer səthinə yaxınlaşması hətta buludda yaranan nisbətən kiçik buz zərrəciklərinin də yerə düşənədək əriməməsinə şərait yaradır. Bu cür yağıntılar əsasən lokal xarakter daşıyır və Bakının bütün ərazilərini əhatə etmir. Bu isə topa-yağış buludlarının nisbətən məhdud ölçüləri ilə əlaqədardır.
Səid Səfərov vurğulayıb ki, iqlim dəyişiklikləri nəticəsində bu cür hadisələrin həm təkrarlanma tezliyi, həm də intensivliyi artır: “Əvvəllər belə hadisələr nadir hallarda baş verirdisə, indi daha tez-tez müşahidə olunur”. Onun sözlərinə görə, yaxın günlərdə də oxşar hava hadisələrinin baş verməsi istisna edilmir və bu, sinoptik şəraitdən asılı olacaq.