AR ETN Coğrafiya İnstitutu PHŞ-də Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbir keçirilib. Bu çərçivədə Nəsimi rayonu 8 saylı məktəbin IX-XI sinif şagirdləri Coğrafiya İnstitutu olublar. Maarifləndirici xarakter daşıyan görüşün məqsədi məktəblilərin coğrafiya elminə marağını artırmaq, onları iqlim dəyişmələri, urbanizasiya prosesləri və dayanıqlı inkişaf məsələləri barədə məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açaraq şagirdləri salamlayıb. O, müasir dövrdə iqlim dəyişmələrinin təkcə ekoloji deyil, həm də sosial-iqtisadi sahələrə ciddi təsir göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının qorunması, şəhər mühitinin sağlamlaşdırılması və insanların rifahının təmin olunması bu proseslərlə birbaşa bağlıdır. Zaur İmrani qeyd edib ki, ekoloji karkas anlayışı bütün bu istiqamətləri birləşdirən əsas mexanizmlərdən biridir. Onun sözlərinə görə, şəhər və regionların düzgün planlaşdırılması, yaşıllıq sahələrinin artırılması və təbii ərazilərin qorunması insanların sağlam həyat tərzinin təmin edilməsinə xidmət edir.
Daha sonra İnstitutun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov “Urbanizasiya və təbii landşaftların transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Alim sürətli urbanizasiya nəticəsində təbii landşaftlarda baş verən dəyişikliklərdən, yaşıllıq sahələrinin azalmasından və ekoloji tarazlığın pozulması risklərindən danışıb. O, ərazi üzrə ekoloji karkas anlayışını izah edərək bildirib ki, bu sistem şəhər və regionlarda təbii elementlərin vahid şəbəkə şəklində qorunmasını nəzərdə tutur. Təqdimatda ekoloji dəhlizlərin əhəmiyyəti, biomüxtəlifliyin qorunmasında rolu, həmçinin landşaft-ekoloji karkasın idarəetmə strukturunun təşkili məsələləri şagirdlərin diqqətinə çatdırılıb. Mirnuh İsmayılov yeni “hibrid yaşıl dəhliz” modelindən də bəhs edərək qeyd edib ki, bu yanaşma şəhərsalma ilə təbiətin qorunmasını uzlaşdırmağa imkan verir.
Tədbirdə daha sonra memarlıq üzrə fəlsəfə doktoru, Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı çıxış edib. O, memarlığın cəmiyyət həyatındakı mühüm rolundan danışaraq bildirib ki, müasir memarlıq yalnız binaların inşası deyil, həm də insanların rahat, təhlükəsiz və estetik mühitdə yaşamasına xidmət edən bir sahədir. Rizvan Qarabağlı, şagirdlərə gələcəkdə memarlıq və şəhərsalma sahələrinə maraq göstərməyin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda məktəblilərə Coğrafiya İnstitutunda keçirilən maarifləndirici görüşdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub. Şagirdlər institutun fəaliyyəti ilə yaxından tanış olmaq, alimlərlə ünsiyyət qurmaq və onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.