20–22 aprel 2026-cı il tarixlərində Coğrafiya İnstitutu PHŞ, Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Almaniyanın Yustus Libix Universiteti və digər təşkilatların birgə təşkilatçılığı ilə “State of the Art Geopark Caucasus” (Qafqazın Müasir Geoparkları) adlı virtual görüş keçirilmişdir.
Görüşdə açılış nitqi ilə çıxış edən Coğrafiya İnstitutunun direktoru c.e.d., dos. Zaur İmrani və İnstitutun “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının böyük elmi işçisi, c.ü.f.d., dos. Elina Kərimova əməkdaşlığın əhəmiyyəti, əldə olunan nəticələr və indiyədək görülən işlər barədə məlumat vermiş, virtual konfransın işinə uğurlar arzulamışlar.
Daha sonra İnstitutun “Əhali coğrafiyası” laboratoriyasının elmi işçisi c.ü.f.d. Bəyimxanım Hüseynova “Geopark development in Azerbaijan: opportunities, obstacles and outlook” (Azərbaycanda geoparkların inkişafı: imkanlar, çətinliklər və perspektivlər) mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində Azərbaycanın zəngin geoloji, tarixi və mədəni irsi, ölkədə geopark statusu üçün potensial ərazilər və geosaytlar haqqında ətraflı məlumat vermişdir. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmış, suallar cavablandırılmışdır.
Virtual görüşün sonunda gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuş, növbəti illərdə də elmi-tədqiqat əlaqələrinin davam etdirilməsi və birgə layihələrdə iştirak məsələləri barədə razılığa gəlinmişdir.