AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-də “Ümumdünya əməyin müdafiəsi günü” münasibətilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi iş mühitində sağlam psixoloji atmosferin formalaşdırılması, əməkdaşlar arasında səmərəli ünsiyyətin təşviqi, psixososial rifahın qorunması və qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açıb. O, sağlam və təhlükəsiz iş mühitinin hər bir kollektivin inkişafı üçün mühüm şərt olduğunu vurğulayaraq bildirib ki, qarşılıqlı hörmətə, əməkdaşlığa və psixoloji rahatlığa əsaslanan mühit əmək məhsuldarlığının artmasına, kollektiv ruhunun güclənməsinə xidmət edir.
Daha sonra İnstitutun İnzibati şöbəsinin müdiri Həmdulla Əliyev çıxış edərək qeyd edib ki, Beynəlxalq Əməkçilər Günü yalnız tarixi bir gün deyil, həm də əmək hüquqları, sosial ədalət və zəhmətkeş insanların birliyinin rəmzidir. O bildirib ki, Azərbaycanda əmək münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi işçilərin hüquqlarının qorunmasına və layiqli əmək şəraitinin yaradılmasına xidmət edir. Həmdulla Əliyev əlavə edib ki, institutda da şəffaflıq, məsuliyyət və peşəkarlıq prinsiplərinə əsaslanan sağlam iş mühitinin formalaşdırılmasına xüsusi önəm verilir.
Maarifləndirici görüşdə Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri Ülviyyə Murtuzova psixososial iş mühitinin elmi əsaslarından bəhs edib. Ekspert kollektiv daxilində yaranan gərginliklərin idarə olunması, stressin azaldılması və peşəkar tükənmənin qarşısının alınması üçün praktiki tövsiyələrini bölüşüb. O, kollektivdə empatiya və qarşılıqlı hörmətin iş məhsuldarlığına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
Tədbirin sonunda çıxış edən tibb elmləri doktoru, professor Araz Əliquliyev iş mühitində psixoloji gərginliyin insan orqanizminə təsiri və işçi münasibətlərinin tibbi aspektləri barədə danışıb. Professor qeyd edib ki, iş yerində neqativ emosional fon xroniki yorğunluq və digər psixosomatik xəstəliklərə səbəb ola bilər. Bu baxımdan, işçilər arasında səmimi, dürüst və dəstəkləyici münasibətlərin qurulması həm fərdi, həm də təşkilati uğurun əsas amillərindən biridir.