Coğrafiya İnstitutu Beynəlxalq əlaqələrini davam etdirir Apr 30, 2026 | 04:04 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və etibarlı strateji tərəfdaşlıq münasibətlərinin xüsusi yer tutması, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, eləcə də bəzi razılaşmalar davamlı elmi və akademik fəaliyyət üçün möhkəm zəmin yaratmışdır. Bu məqsədlə 20-24 aprel 2026-cı il tarixlərində Belqrad şəhərində keçirilən “Regional inişaf sistemində turizm-rekreasiya kompleksləri” adlı Beynəlxalq konfransda Coğrafiya İnstitutu tərəfdaş kimi çıxış etmişdir. Bu konfrans Serbiya Coğrafiya Cəmiyyəti, Banya-Lukadakı Təbiət Elmləri və Riyaziyyat Fakültəsi, M.M.Adışev adına Oş Texnologiya Universiteti və Belarus Dövlət Universitetinin A.D.Saxarov adına Beynəlxalq Dövlət Ekologiya İnstitutu və d. elm və təhsil müəssisələri tərəfindən təşkil olunmuşdur.

Beynəlxalq konfransın məqsədi iqtisadiyyatda innovativ yanaşmaların prioritetini, daxili və beynəlxalq turizmin inkişafını və xidmətin keyfiyyətinin artırılmasını nəzərə alaraq, regional inkişaf sistemində turizm-rekreasiya kompleksinin transformasiyasında rolunu və mövcud tendensiyaları müəyyən etmək olmuşdur. Bu konfrans beynəlxalq elmi düşüncə nümayəndələrini bir araya gətirmiş, turizm və istirahət sahəsində elm və təcrübənin inkişaf etdirilməsi ilə bağlı problemləri müzakirə edərək, ölkə iqtisadiyyatına və regional strateji inkişafa dəstək rolunu oynamağı əsas prioritet istiqamət kimi qarşısına qoymuşdur.

Açılışda Azərbaycan elmini təmsil edən və tədbirin tərəfdaşı olan Coğrafiya İnstitutunun direktor müavini, direktor v.i.e., c.e.d., dosent Zaur İmrani çıxış etmiş, müasir zamanda Azərbaycanda turizmin inkişaf strategiyası, dünya dövlətləri ilə aparılan turizm siyasəti, turizm əlçatanlığı və onun təhsil sistemində tədrisi barədə geniş məlumat vermiş, Azərbaycan barədə 100 sual və cavab kitanıbı spikerlərə hədiyyə etmişdir. Daha sonra, 2011-ci il iyunun 8-də Belqrad şəhərində Taşmaydan parkında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şərəfinə ucaldılan abidə ziyarət edilmişdir.

Plenar iclasda c.e.d., dosent Zaur İmrani “Azərbaycan Respublikasında turizm sektorunun inkişaf dinamikasının təmin edilməsi üçün yeni turizm modellərinin tətbiqi” adlı məruzə ilə çıxış edəcək ənənəvi və müasir turizm modelləri, onların tətbiqi, turizm bazarının formalaşması, rekreasiya zonalarının ərazi təşkili, turizmdə gəlirlərin artırılması yolları, son zamanlar turizmin inkişaf tendensiyası və s. barədə geniş məlumat vermişdir. Daha sonra c.ü.f.d., dosent Səidə Zeynalova “Xəzər dənizinin Azərbaycan sektoru sahil zonasının transformasiyası: azad olunmuş torpaq sahələrinin ətraf mühit riskləri və rekreatıonal potensialı”, c.e.d. Sevil Quliyeva “Böyük Qafqazın cənub yamacının (Mazımçay və Şinçay çayları arasında) turist və rekreasiya potensialının əsası olaraq təbii şərait və resurslar” adlı məruzələrlə çıxışlar etmişdir.

Tədbirin son günü c.e.d., dosent Zaur İmrani Belqrad Universitetinin Coğrafiya fakültəsində və Serbiyada olan Rusiya Coğrafiya Cəmiyyətinin mərkəzində olmuş, orada olan coğrafiyaşünaslarla elmi və akademik əlaqələrin möhkəmləndirilməsi istiqamətində danışıqlar aparmış, M.M.Adışev adına Oş Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Coğrafiya İnstitutunun direktoru professor Əbdürəşit Nizamiyev ilə görüşmüş və onun rəhbərlik etidiyi institutula birlikdə beynəlxalq tədbirlərin həyata keçirilməsi və ixtisas artırma kimi elmi əməkdaşlığa dəvət etmişdir.