“Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” Respublika Elmi Konfransı öz işinə başlayıb May 06, 2026 | 09:05 / KONFRANSLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun təşəbbüsü və Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə əməkdar elm xadimi, iqlimşünas alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.

Konfransın açılışından əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir Dövlət Universitetində yerləşən abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.

6–7 may 2026-cı il tarixlərini əhatə edən konfransın əsas məqsədi Azərbaycanın turizm potensialının elmi əsaslarla qiymətləndirilməsi, regional inkişaf perspektivlərinin təhlili, dayanıqlı turizm modellərinin təşviqi və bu istiqamətdə elmi-praktik əməkdaşlığın genişləndirilməsi olmuşdur.

Konfransın açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru, i.ü.f.d., dosent Anar Eminov, Coğrafiya İnstitutunun direktoru, c.e.d., dosent Zaur İmrani, eləcə də digər alim və mütəxəssislər çıxış edərək tədbirin əhəmiyyətindən, əməkdar elm xadimi Ənvər Şıxlinskinin Azərbaycan coğrafiya elminin inkişafındakı xidmətlərindən və turizm sahəsində aparılan elmi tədqiqatların aktuallığından bəhs etmişlər.

Konfransa ölkənin müxtəlif ali təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını təmsil edən alimlər, mütəxəssislər, doktorantlar və gənc tədqiqatçılar tərəfindən ümumilikdə 137 məruzə təqdim olunmuşdur. Təqdim edilən materiallar plagiat yoxlanışından və ikiqat rəy prosesindən keçirildikdən sonra 93 məqalə elmi heyət tərəfindən qəbul edilmişdir.

Konfrans çərçivəsində məruzələr iki panel üzrə təşkil olunmuş iclaslarda təqdim edilmiş, turizm potensialı, regional inkişaf, iqlim dəyişmələri, ekoturizm, yaşıl iqtisadiyyat, coğrafi informasiya sistemləri, dayanıqlı inkişaf və digər aktual istiqamətlər üzrə geniş elmi müzakirələr aparılmışdır.

Konfransın yekunu olaraq qəbul olunmuş məqalələrin ISBN indeksli toplu şəklində nəşri və institutun “igaz.az” saytında yerləşdirilməsi nəzərdə tutulur.