2026-cı il mayın 6-da Mingəçevir Dövlət Universitetində keçirilən “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” mövzusunda respublika elmi konfransı çərçivəsində universitet ilə Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu MDU-nun rektoru Anar Eminov və institutun direktoru Zaur İmrani imzalayıblar.
Sənəd elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik təcrübə mübadiləsinin təşviqi, eləcə də seminar, konfrans və ustad dərslərinin təşkilini əhatə edir. Memorandum çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, turizm, ekologiya və coğrafiya istiqamətləri üzrə ortaq təşəbbüslərin reallaşdırılması, həmçinin müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Tərəflər arasında keçirilən müzakirələr zamanı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, iki qurumun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransların keçirilməsi və elmi-metodik nəşrlərin qarşılıqlı mübadiləsinin aparılması barədə razılıq əldə olunub.
Qeyd edilib ki, bu əməkdaşlıq region universitetləri ilə elmi-tədqiqat institutları arasında əlaqələrin möhkəmləndirilməsi, gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqi və Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, sənəd regionun turizm və ekoloji potensialının elmi əsaslarla inkişafına və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətlərin gücləndirilməsinə töhfə verəcək.