BMT-nin Ümumdünya Şəhərsalma Forumunda Coğrafiya İnstitutunun əməkdaşları iştirak edib May 20, 2026 | 12:05 / MÜHÜM HADİSƏLƏR

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bakı şəhərində keçirilən tədbirlərdə Coğrafiya İnstitutunun əməkdaşları da fəal iştirak ediblər. Tədbirdə institutun əməkdaşları şəhərsalma, urbanizasiya və dayanıqlı inkişaf istiqamətində aparılan beynəlxalq müzakirələrlə yaxından iştirak edib, nümayiş etdirilən sərgilərlə tanış olublar.

Forum çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində iştirak edən nümayəndələr müxtəlif ölkələrin şəhərsalma təcrübələrini, innovativ urban idarəetmə modellərini və müasir şəhər planlaşdırılması yanaşmalarını əks etdirən pavilyonlarla tanış olmuşlar. Eyni zamanda, müxtəlif ölkələrə aid şəhər modelləri və inkişaf strategiyalarına dair keçirilən müzakirələrdə iştirak edərək bu sahədə beynəlxalq təcrübə və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, 17–22 may tarixlərini əhatə edən Forum çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, iqlim dəyişmələri, yaşayış mühitinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş çoxsaylı görüşlər, dəyirmi masalar, dialoqlar, xüsusi sessiyalar və assambleyalar təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət nümayəndələrini, alimləri, şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.