AR ETN Coğrafiya İnstitutunda Elmi Şuranın iclasında beynəlxalq əməkdaşlıq və aktual ekoloji problemlər müzakirə olunub May 25, 2026 | 11:05 / ELMİ İCLASLAR

21 may tarixində AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasa institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani sədrlik edib.

Tədbirin əvvəlində gündəlikdə duran məsələlər barədə Elmi Şura üzvlərinə ətraflı məlumat verilib. İlk olaraq institutun elmi katibi Səidə Zeynalova Serbiyanın paytaxtı Belqradda keçirilən “Regional inkişaf sistemində turizm-rekreasiya kompleksi” mövzusunda XIV beynəlxalq elmi-praktik konfransda institut əməkdaşlarının iştirakı ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycan nümayəndələrinin məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Konfrans çərçivəsində Serbiya tərəfi turizm mövzusuna həsr olunmuş növbəti beynəlxalq tədbirin Bakı şəhərində keçirilməsini təklif edib.

Daha sonra Zaur İmrani Almaniyanın Gissen şəhərində təşkil olunan beynəlxalq konfransda institut əməkdaşlarının iştirakı barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, tədbirdə turizm sahəsində aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb, eləcə də beynəlxalq elmi əməkdaşlığın inkişafı istiqamətində mühüm fikir mübadiləsi həyata keçirilib.

İclasda “Torpaq ekologiyası” laboratoriyasının müdiri, dosent Zaman Məmmədov “Yağıntılarla əlaqədar baş vermiş uçqun və sürüşmə hadisələri nəticəsində torpaq ehtiyatlarına dəyən zərərin fəsadları” mövzusunda geniş məruzə təqdim edib. Bildirilib ki, bu cür təbiət hadisələri torpağın münbit qatının yuyulmasına, eroziya proseslərinin güclənməsinə və kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalmasına səbəb olur.

Həmçinin “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının elmi işçisi, c.ü.f.d. Emil Cəbrayılov Coğrafiya İnstitutu əməkdaşlarının Urbanizasiya Forumunda iştirakı ilə bağlı  təqdimatla çıxış edib.

İclas çərçivəsində təşkilati məsələlərə də baxılıb. “İqlimşünaslıq” laboratoriyasının aparıcı mühəndisi Aynurə Əhmədovanın elmi rəhbəri P.B. Zamanovun vəfat etməsi ilə əlaqədar yeni elmi rəhbərin təyin olunması məsələsi müzakirə edilib. Elmi Şuranın qərarı ilə Aynurə Əhmədovaya yeni elmi rəhbər kimi aqrar elmlər doktoru, professor Nizami Seyidbəyli təyin olunub.