Professor Amin İsmayılovun 75 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başladı İyn 10, 2026 | 04:06 / KONFRANSLAR

   Professor Amin İsmayılovun 75 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başladı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ tərəfindən görkəmli torpaqşünas alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf” beynəlxalq elmi konfransı öz işinə başlayıb. Konfransın açılış mərasimində Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, c.e.d., dosent Zaur İmrani iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Daha sonra AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova, BDU-nun professoru Şövqi Göyçaylı, ADPU-nun Quba filialının direktoru, professor Yusif Əliyev, Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru Mirnuh İsmayılov və Səid Səfərov, Gəncə Dövlət Universitetinin dosenti Tünzalə İsgəndərova, eləcə də yubilyar alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılov çıxış edərək konfransın elmi əhəmiyyətini vurğulayıblar.

    Konfransa ümumilikdə 123 məqalə təqdim olunub. Elmi ekspertiza mərhələsindən sonra onların 87-si qəbul edilərək proqrama daxil edilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Çin alimlərinin məruzələri də təqdim olunur. İki gün davam edəcək konfrans çərçivəsində Xəzər hövzəsinin ekocoğrafi problemləri, iqlim dəyişiklikləri, biomüxtəliflik, torpaq və su resursları, ekoloji təhlükəsizlik və davamlı inkişaf məsələləri üzrə elmi müzakirələr aparılacaq.