Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününün 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssisləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani bildirib ki, Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi hadisələrdən biri məhz 15 İyun – Milli Qurtuluş Günüdür. Onun sözlərinə görə, bu tarix müstəqil Azərbaycanın inkişaf yolunun əsasının qoyulduğu və dövlətçiliyin xilasa qovuşduğu gün kimi tariximizə qızıl hərflərlə yazılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov müasir Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və beynəlxalq arenada layiqli yer tutmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Deputat qeyd edib ki, tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bütöv bir xalqın taleyini dəyişir və gələcək inkişaf yolunu müəyyənləşdirir. Ümummilli lider Heydər Əliyev də məhz belə liderlərdən biri olub.
Vüqar İskəndərov bildirib ki, 1993-cü ilin iyununda ölkədə hökm sürən ağır ictimai-siyasi böhran, hakimiyyət boşluğu, vətəndaş qarşıdurması təhlükəsi və xaos Azərbaycanın müstəqilliyini ciddi təhdid edirdi. Dövlət institutlarının iflic vəziyyətinə düşdüyü həmin dövrdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin qurtuluşunun başlanğıcı oldu. Onun sözlərinə görə, Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sürətləndi və Azərbaycanın gələcək inkişafının möhkəm təməli yaradıldı.
Deputat vurğulayıb ki, bu gün Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahələrdə qazandığı uğurların əsasında məhz həmin siyasət dayanır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini, Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrildiyini və beynəlxalq nüfuzunun daha da artdığını qeyd edib.
Daha sonra çıxış edən hüquqşünas və siyasi təhlilçi Polad Mehdiyev 15 İyunun Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, hüquqi dövlət quruculuğuna və müasir idarəetmə sisteminin formalaşmasına zəmin yaradıb. Polad Mehdiyev vurğulayıb ki, 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətinin hüquqi və ideoloji əsaslarını müəyyənləşdirən mühüm sənəd kimi ölkənin inkişafında mühüm rol oynayıb.
Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Rza Mahmudov isə bildirib ki, Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri mürəkkəb geosiyasi şəraitdə Azərbaycan dövlətçiliyini qoruması, ölkəni parçalanma və müstəqilliyini itirmək təhlükəsindən xilas etməsi olub.
Tədbir iştirakçıları 15 İyunun xalqımızın milli birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsini ifadə edən əlamətdar gün kimi daim böyük ehtiramla qeyd ediləcəyini bildiriblər.