22–30 may 2026-cı il tarixlərində Almaniyanın Yustus-Libix Giessen Universitetinin koordinatorluğu ilə həyata keçirilən və DAAD tərəfindən maliyyələşdirilən “SDG-ESS Caucasus” beynəlxalq layihəsi çərçivəsində Azərbaycanda “Regional Fieldwork & Excursion Programme” təşkil olunmuşdur. Proqramın əsas məqsədi Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf məqsədləri, ekosistem xidmətləri, iqlim dəyişmələrinin təsirləri, turizm potensialı və regional dayanıqlılıq məsələləri üzrə nəzəri biliklərin praktiki müşahidələrlə zənginləşdirilməsi, eləcə də Azərbaycan və Almaniya ali təhsil və elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi olmuşdur.
Səfərdə Azərbaycan və Almaniyadan ümumilikdə 28 nəfər alim, tədqiqatçı, doktorant və tələbə iştirak etmişdir. Proqram çərçivəsində Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Gəncə, Göygöl, Lənkəran və Astara bölgələrində yerləşən müxtəlif təbii, sosial-iqtisadi və turizm obyektlərinə səfərlər təşkil edilmiş, ərazilərin coğrafi xüsusiyyətləri, landşaft müxtəlifliyi, biomüxtəliflik, kənd təsərrüfatı fəaliyyəti, turizm infrastrukturu və iqlim dəyişmələrinin təsirləri yerində öyrənilmişdir.
Coğrafiya İnstitutu layihənin əsas tərəfdaşlarından biri kimi proqramın təşkilati və elmi təminatında fəal iştirak etmişdir. Layihə proqramının yerinə yetirilməsində İnstitutun əməkdaşları yaxından iştirak etmişlər. İnstitut tərəfindən səfər marşrutunun planlaşdırılması, iştirakçıların koordinasiyası, elmi müzakirələrin təşkili və sahə müşahidələrinin aparılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Səfər müddətində keçirilən müzakirələr və birgə fəaliyyətlər nəticəsində gələcək elmi əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması, akademik mobillik proqramlarının genişləndirilməsi və yeni layihələrin hazırlanması istiqamətində ilkin razılıqlar əldə olunmuşdur.
Qeyd olunan proqram Azərbaycan və Almaniya arasında elmi əlaqələrin möhkəmləndirilməsi, gənc tədqiqatçıların beynəlxalq təcrübə qazanması və Coğrafiya İnstitutunun beynəlxalq əməkdaşlıq fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.