Leyla Əliyeva Bonn şəhərində Xəzər dənizinin su səviyyəsinin azalmasının ekoloji təsirlərinə həsr olunmuş müzakirədə iştirak edib İyn 23, 2026 | 03:06 / MÜHÜM HADİSƏLƏR

Leyla Əliyevanın təşəbbüsü ilə Almaniyanın Bonn şəhərində “Dənizlərin çəkilməsi, sahillərin geri çəkilməsi, dayanıqlılıq və qapalı su hövzələrinin gələcəyi: Xəzər dənizi nümunəsi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib.

APA-nın məlumatına görə, tədbir iyunun 8-dən 16-dək keçirilən BMT-nin İyun İqlim Görüşləri (SB64) çərçivəsində baş tutub.

IDEA İctimai Birliyi, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), COP29-un Azərbaycan Sədrliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva dənizlərin, çayların və göllərin planetin ən həssas ekosistemləri sırasında olduğunu vurğulayıb. O, Xəzər dənizində su səviyyəsinin azalmasına, Xəzər suitisi və digər canlı növlərinin sayının azalmasına, eləcə də bununla bağlı ekoloji problemlərə diqqət çəkərək, bu çağırışların yalnız bilik, elmi təcrübə və uzunmüddətli öhdəliklər əsasında həll oluna biləcəyini bildirib.

Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif təşəbbüslərdən, o cümlədən su hövzələrinin təmizlənməsi aksiyalarından, balıqartırma proqramlarından və “Bir Damla” layihəsindən bəhs edib. O qeyd edib ki, bu cür təşəbbüslər suya həyat və dayanıqlı inkişaf üçün vacib resurs kimi məsuliyyətli yanaşmanın formalaşmasına töhfə verir.

Tədbirin rəsmi hissəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı katibi Simon Stil, COP31-in baş icraçı direktoru və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, eləcə də COP30-un baş icraçı direktoru Ana Toni çıxış edərək, Xəzər dənizində su səviyyəsinin azalması və qapalı su hövzələrinin ekoloji dayanıqlılığı ilə bağlı məsələlərin qlobal iqlim gündəmində diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıblar.

Müzakirələr daha sonra panel sessiyası formatında davam edib.

Paneldə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İqlim Dəyişikliyi Bölməsinin direktoru Martin Krauze, Great Whale Conservancy təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu və Finlandiyanın Oulu Universitetinin tədqiqatçısı Aziza Baubekova, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) SPECA MPTF proqramının rəhbəri Kamala Hüseynli iştirak ediblər.

İştirakçılar Xəzər dənizində su səviyyəsinin azalmasının ekoloji, elmi və sosial-iqtisadi təsirləri barədə fikir mübadiləsi aparıblar. Çıxış edənlər belə platformaların elmi bilik və təcrübə mübadiləsi, eləcə də yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbir çərçivəsində Xəzər dənizinin üzləşdiyi ekoloji problemlərə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

apa.az