Bu yaz əvvəlki illərlə müqayisədə çox yağıntılı keçdi. Bəzi günlərdə yağıntının miqdarı aylıq normanı bir neçə dəfə aşdı. Azərbaycana qonşu ölkələrdə də intensiv leysan yağışları, aramsız yağıntılar haqda tez-tez məlumatlar yayıldı. İranda qurumaqda olan Urmiya gölünün yenidən canlandığı bildirildi. Bəs Xəzər dənizində vəziyyət necədir? Xəzər dənizinin dayazlaşması son zamanlar ciddi müzakirə mövzusudur. Bu yaz yağıntı miqdarının çox olması Xəzər dənizində problemin həllinə təsir edibmi, yardım göstəribmi?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, yaz aylarında Azərbaycanın xüsusən şərq ərazilərinə, yəni Xəzərsahili ərazilərə aylıq normaların bir neçə misli qədər yağıntı düşüb:
“Həmçinin Rusiyada, o cümlədən Dağıstan Respublikasında bir neçə dəfə güclü yağıntıların olduğunu eşitdik. Xəzər sahilində yerləşən və bol yağıntı alan həmin ərazilər əsasən Kür, Terek çaylarının və digər nisbətən kiçik çayların hövzələrini təşkil edir. Kür bizim üçün böyük bir çaydır. Ancaq Xəzər dənizinin su balansında onun rolu çox deyil. Təsəvvür edin, Volqa çayının illik orta axımı təxminən 250 kub kilometr olduğu halda, Kürün illik axımı maksimum 15 kub kilometrdir. Kür çayı bu il həmin maksimal göstəriciyə yaxınlaşsa da, son 4-5 ildə axım xeyli aşağı düşmüşdü və Xəzərə cəmi 4-5 kub kilometr su gəlirdi.
Bu baxımdan, Xəzərin qərb sahili ərazilərinə düşən güclü yağıntıların dənizin səviyyə dəyişmələrindəki rolu çox deyil. O ki qaldı Xəzərə gələn suyun 80 faizindən çoxunu təşkil eləyən Volqa çayına, məlumatlara əsasən, onun da hövzəsinə qış aylarında normadan artıq yağıntılar, xüsusilə qar düşüb. Bunun nəticəsində Xəzərin səviyyəsinin düşmə sürəti bir qədər azalıb. Bu ilin yanvar ayı ilə müqayisədə Xəzər dənizinin səviyyəsində müəyyən artım müşahidə olunsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə səviyyə hələ də aşağı olaraq qalır. Bu o deməkdir ki, qışda Volqa hövzəsinə düşən bol qar və yaz aylarında Xəzərin qərb sahillərində qeydə alınan intensiv yağışlar dəniz səviyyəsinin sürətlə enmə meylini bir qədər zəiflədib. Bununla belə, Xəzərin səviyyəsinin real artımından hələ ki, söhbət gedə bilməz”.
S.Səfərov qeyd edib ki, bu ilin sonunda Xəzər dənizinin səviyyə göstəriciləri toplanıb orta rəqəm çıxarılacaq: “Ondan sonra vəziyyəti ötən illə müqayisə etmək, dinamikanı aydın görmək, azalma və ya artımın ötən ilə nəzərən nə qədər olduğunu bilmək mümkün olacaq: “Hələlik isə yalnız aylıq göstəriciləri keçən ilin müvafiq dövrü ilə müqayisə edə bilirik və bu müqayisə səviyyənin hələ də ötən ildəkindən aşağı olduğunu göstərir. Əsas səbəb qlobal istiləşmə və xüsusilə Volqa hövzəsində temperaturun normadan çox olmasıdır. Bu, təkcə 2026-cı ilin problemi deyil, ümumən isti dövrlərin problemidir. İsti aylarda həm buxarlanma güclənir, həm də istilərə görə sudan istifadə artır. Nəticədə Xəzərə gələn suyun miqdarı azalır.
Çünki Volqanın suyu bu çayının üzərində quraşdırılmış 12-dən çox iri su anbarı ilə tənzimlənir. Sahəsi 36 min kvadrat kilometrdən çox olan həmin anbarlarda su elektrik stansiyaları var və Rusiyalı mütəxəssislər çalışırlar ki, oradakı suyun səviyyəsi aşağı düşməsin. Həmin səviyyəni qorumaq üçün də anbarlardan Xəzərə ötürülən suyun miqdarını azaldırlar. Xəzərdə dayazlaşma problemi məhz buna görə dayanmır.
Temperaturun yüksəlməsi ilə əlaqədar olaraq, Xəzərin səthindən də buxarlanma get-gedə artır. Hazırda havanın nisbətən sərin keçdiyini düşünsək də, bu, müvəqqəti haldır. Qarşıdan gələn iyul və avqust aylarında ötən ilkindən daha yüksək temperaturların müşahidə olunacağı gözlənilir”.