Elmi şura ilə elmi seminarın birgə iclası Fev 03, 2015 | 10:02 / ELMİ İCLASLAR

Fevralın 2-də Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə

 İnstitutun Elmi Şura ilə Elmi Seminarının növbəti  birgə iclası keçirildi.

İclasda MAKA Ekologiya İnstitutunun əməkdaşı Fazil İsmayılovun  çapa təqdim etmək üçün Ç.Ə.Abdurahmanovla birgə hazırladığı  «Bakı şəhəri üzərində havanın çirklənmə örtüyünün məsafədən tədqiqi»  mövzusunda məruzəsi dinlənildi.

Müəllif məruzəsində  müasir dövrün ən aktual məsələlərindən olan havanın çirklənməsi məsələsinə toxunaraq şəhərin regional ekoloji vəziyyətini təyin etmək məqsədilə  müxtəlif zonalarda uzunmüddətli ölçmələr apardığından və əsaslı nəticələr əldə etdiyindən söhbət açdı. Məqaləyə rəy vermiş c.e.n. M.Həsənov müşahidələrin sinxron aparılmadığını, alınmış nəticələrin sistem halına salınmadığını qeyd etdi. Apaılan müzakirələrdən sonra qərara alındı ki, alınan nəticələr  sistem halına salınsın və mütəxəssislər tərəfindən baxılsın, uyğun dəyişiklik və dəqiqləşmələrdən    sonra yenidən müzakirə edilsin.

Sonra c.ü.f.d. Mirnuh İsmayılov katibi olduğu Coğrafiya Cəmiyyətinin elmi-kütləvi jurnalının nəşrə hazırlanmasının  vəziyyəti haqqında məlumat verdi. Müzakirələrdən sonra qərara alındı ki, bəzi düzəlişlər etməklə jurnal bir ay müddətində işlənib hazırlansın və  çapa təqdim olunsun.

2015-ci ildə Coğrafiya İnstitutun 70-illik yubileyi ilə əlaqədar  «Müasir qlobal dəyişmələrə geo- və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri» mövzusunda keçiriləcək elmi konfrans haqqında məsələnin müzakirəsi aparıldı. Akademik Ramiz Məmmədov bu haqda məlumat verərək bildirdi ki, oktyabr ayına nəzərdə tutulan konfransın  gündəliyində  baxılacaq məsələlər dəqiqləşməli, bununla əlaqədar, şöbələr tərəfindən təkliflər 3 gün müddətinə təqdim olunmalıdır. R.Məmmədov mütamadi olaraq hər bir şöbənin əməkdaşının, xüsusən elmlər doktorlarının İnstitutun seminarında məruzə ilə çıxış etmələrinin vacibliyini və bu işin sistem halına keçəcəyini,  Elmi Şuranın səyyar iclaslarını təşkil etməyi nəzərdə tutduğunu da diqqətə çatdırdı.

İclasın sonunda direktor əməkdaşların işə davamiyyəti məsələsinə toxunaraq nizam-intizamı kobud şəkildə pozan  işçilərə xəbərdarlıq etdi, belə hal davam edərsə növbəti addımın daha sərt olacağını bildirdi.