“Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları) üzrə coğrafi adların mənşəyinə görə təsnifatı” (2026-2027) mövzusunda elmi-tədqiqat işi çərçivəsində növbəti sahə ekspedisiyası həyata keçirilib.
19-23 iyun 2026-cı il tarixlərini əhatə edən ekspedisiya Azərbaycan coğrafiya elminin aktual istiqamətlərindən biri olan toponimikanın öyrənilməsi, regional coğrafi adların mənşəyinin araşdırılması və onların sistemləşdirilməsi məqsədilə təşkil olunub. Tədqiqat səfərində “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının böyük elmi işçisi, c.ü.f.d., dosent Natiq Babayev və “Data və analitika ofisi”nin baş mütəxəssisi Nazim Gəraylı iştirak ediblər.
Ekspedisiya müddətində Gəncə şəhəri və Samux rayonunun müxtəlif yaşayış məntəqələrində sahə müşahidələri aparılıb, yerli əhali nümayəndələri, ziyalılar və yaşlı sakinlərlə görüşlər keçirilib. Görüşlər zamanı ərazidə istifadə olunan coğrafi adların yaranma tarixi, semantik xüsusiyyətləri, xalq yaddaşında qorunub saxlanılan etimoloji izahları, eləcə də zamanla baş vermiş ad dəyişiklikləri barədə məlumatlar əldə olunub.
Tədqiqat çərçivəsində oykonimlər (yaşayış məntəqələrinin adları), hidronimlər (su obyektlərinin adları), oronimlər (relyef formalarının adları), mikrotoponimlər və digər coğrafi ad qrupları üzrə geniş məlumat bazası formalaşdırılıb. Əvvəlki tədqiqatlarda qeydə alınmayan bir sıra yerli coğrafi adlar müəyyən edilərək ilkin elmi dövriyyəyə daxil edilib, onların koordinatları dəqiqləşdirilib və xəritələşdirmə üçün zəruri məlumatlar toplanıb.
Ekspedisiyanın mühüm istiqamətlərindən biri də toplanmış məlumatların rəqəmsal mühitə inteqrasiyası olub. Bu məqsədlə sahə materialları sistemləşdirilərək elektron formatda emal edilir, coğrafi informasiya sistemləri (CİS) üçün uyğunlaşdırılır və vahid rəqəmsal toponimik məlumat bazasının formalaşdırılması istiqamətində işlər görülür. Toponimlərin məkan paylanmasının təhlili, yayılma areallarının müəyyənləşdirilməsi və gələcək analitik tədqiqatlar üçün zəruri verilənlər bazası hazırlanır.
Həyata keçirilən tədqiqat Azərbaycanın tarixi-coğrafi irsinin öyrənilməsi, milli toponim fondunun zənginləşdirilməsi və coğrafi adların mühafizəsi istiqamətində aparılan elmi işlərə mühüm töhfə verir.