Coğrafiya İnstitutunun əməkdaşları UNEC Zaqatala filialında keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib İyl 03, 2026 | 02:07 / KONFRANSLAR

03-04 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və UNEC Zaqatala filialının 10 illik yubileyinə həsr olunmuş "Rəqəmsallaşma dövründə regional universitet modeli" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransın açılışından əvvəl tədbirə dəvət olunmuş rəsmi qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsinə ehtiramla yad ediblər.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktor müavini, direktor v.m.i.e., c.e.d., dosent Zaur İmrani və Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektorunun müdiri Sərxan Cəfərov iştirak edib.

Tədbirin açılış mərasimində UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, millət vəkilləri Asif Əsgərov və Ceyhun Məmmədov, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri professor Məsud Əfəndiyev, Isparta Tətbiqi Elmlər Universitetinin dekanı professor Ömər Kürşad Tüfekçi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Elgün Vəliyev və digər rəsmi qonaqlar çıxış edərək regional ali təhsil müəssisələrinin inkişafı, rəqəmsal transformasiya, innovasiya və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Konfrans çərçivəsində keçirilən "Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri" mövzusunda dəyirmi masada ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, elmi təşkilatların nümayəndələri və xarici universitetlərin təmsilçiləri regional universitetlərin inkişaf perspektivləri, universitet-dövlət-biznes əməkdaşlığı, insan kapitalının gücləndirilməsi və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Zaur İmrani konfransda fəxri qonaq qismində iştirak edib. Tədbir çərçivəsində o, müxtəlif ali təhsil və elmi müəssisələrin rəhbərləri ilə görüşlər keçirərək gələcək elmi əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və regional inkişaf istiqamətində qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib.

Konfransın proqramına uyğun olaraq tədbir panel müzakirələri, elmi məruzələr, əməkdaşlıq memorandumlarının imzalanması, yeni auditoriya və innovasiya məkanlarının açılışı, eləcə də beynəlxalq qrant və layihələrin hazırlanmasına həsr olunmuş seminarlarla davam edəcək.