AR ETN Coğrafiya İnstitutu PHŞ-nin Torpaqların rekultivasiyası laboratoriyasının əməkdaşları tərəfindən icra olunan “Abşeron yarımadası və Cənub-Şərqi Qobustanın torpaqlarının səhralaşması və ona qarşı kompleks mübarizə tədbirlərinin işlənməsi” mövzusunda elmi-tədqiqat işi çərçivəsində yekun çöl tədqiqatları 2026-cı il iyulun 10-dan 17-dək Abşeron yarımadasında yerləşən Balaxanı və Binəqədi Neft-Qaz Çıxarma İdarələrinin (NQÇİ) ərazilərində aparılıb.
Tədqiqatların əsas məqsədi eyni təbii-ekoloji şəraitə malik, lakin müxtəlif antropogen təsirlərə məruz qalmış ərazilərdə səhralaşma prosesinə təsir göstərən amillərin müqayisəli şəkildə öyrənilməsi və onların elmi cəhətdən qiymətləndirilməsi olub.
Elmi-tədqiqat proqramı metodiki baxımdan üç əsas istiqaməti əhatə edib. Bunlar texnogen landşaftlarda təbii dinamik proseslərin torpaq örtüyünə təsirinin öyrənilməsi, neftlə çirklənmiş torpaqların ətraf ekosistemlərə təsirinin qiymətləndirilməsi, eləcə də neft hasilatı zamanı istifadə olunan texnika və istehsalat fəaliyyətinin torpaq örtüyünə təsirinin tədqiqindən ibarət olub.
Hər üç istiqamət üzrə çöl şəraitində müşahidələr aparılıb, təcrübələr qoyulub, torpaq kəsimləri təsvir edilib, laboratoriya analizlərinin aparılması məqsədilə torpaq nümunələri götürülüb.
Çöl tədqiqatlarının yüksək səviyyədə təşkil olunmasına, əməkdaşlar üçün əlverişli iş şəraitinin yaradılmasına və göstərilən hərtərəfli dəstəyə görə aidiyyəti təşkilatlara dərin təşəkkürümüzü bildiririk.