Landşaftla bağlı çöl tədqiqatları davam edir İyl 30, 2026 | 12:07 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının bir qrup əməkdaşı laboratoriyanın elmi hesabat işinə uyğun olaraq 20-24 iyul 2026-cı il tarixlərində Tovuz rayonunda ekspedisiyada olmuşlar. Tədqiqatçılar Zəyəmçay hövzəsində iri miqyaslı landşaft xəritəsinin tərtibi üçün materiallar toplamış, hövzənin landşaft-ekoloji vəziyyəti qiymətləndirilmiş, həmçinin ərazidə landşaft geokimyəvi vəziyyətin təhlili və ekogeokimyəvi şəraitin kompleks təhlilini əks etdirən nəticələrin əldə olunması üçün torpaq, süxur, bitki nümunələri götürmüşlər.

Zəyəmçay hövzəsi Kür çayı sahillərində 220 m mütləq hündürlükdən Şahdağ silsiləsində 2065 m-ə qədər hipsometrik pilləni əhatə edir. Burada düzənliklərdə quru çöllər, alçaq dağlıq (800-1000 m) və dağətəyi maili düzənliklərdə  arid seyrək meşə və kserofit kolluqlardan ibarət çöllər, 800-1000 m-dən 1800-2000 m hündürlüklər arasında dağ meşə, 1800-2400 m hündürlükdə subalp çəmənləri və 2400 m-dən yüksəkdə isə alp çəmənlikləri öyrənilmiş və ilkin xəritələşməsi həyata keçirilmişdir. Landşaft tiplərinə uyğun fasiyalardan aşağıdakı qaydada geokimyəvi analiz üçün nümunələr götürülmüşdür. Çay yatağında allüvial çöküntülər, subasar allüvial terrasdan 50 sm dərinlikdən 1 kq həcmində torpaq, səthdən isə bitki nümunəsi götürülmüşdür. Sonra isə əsas xarakterik landşaftdan eyni üsulla müvafiq nümunələr əldə edilmişdir. Bu iş ərazidəki bütün landşaft tipləri üzrə davam etdirilmişdir.

Ekspedisiya zamanı məüəyyən edilmişdir ki, hövzədə meşənin yuxarı sərhəddi son 50 il ərzində intensiv antropogen təsirlərlə 400-500 m aşağı düşmüşdür. Bunu 2500-2650 m hündürlükdə subalp meşə qalıqlarının təhlili də sübut etmişdir. Mövcud meşə landşaftlarında seçilmiş nümunə sahələrindəki tədqiqatlar göstərir ki, ərazidə iqlim dəyişmələri fonunda meşəbərpa kifayət qədər yüksəkdir. 1 m2 nümunə sahəsində boyu 1 m-dən 11 ağac pöhrəsi qeydə alınmışdır.

Böyük Qışlaq kəndi ətrafında dik qayalıq yamacda 1600-1700 m hündürlükdə 3,5 ha sahəni əhatə edən unikal elmi dəyərə malik qarmaqvari şam meşəliyi öyrənilmişdir. Məlum olmuşdur ki, vaxtilə daha geniş sahə tutan şam meşəliyi tədricən palıd, vələs, fıstıq və s. ağaclarla sıxışdırılır. Bunu meşəbərpanın təhlili də sübut edir.

Əsrikçay hövzəsində son illər sürətlə artan turizm-antropogen yüklənməsi, xüsusilə meşə ekosistemində deqradasiyanın sürətləndirməsinə aid müşahidələr  aparılmışdır. Toplanmış nümunələrin, xəritələrin tərtibi və geniş izahatın və təkliflərin kameral şəraitdə işlənməsi davam etdirilir.