Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür Avg 24, 2026 | 12:08 / MÜSAHİBƏLƏR

Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər son onilliklərdə bir-birini əvəz edən enmə və yüksəlmə mərhələləri ilə müşayiət olunub. Hazırda dəniz səviyyəsinin enməsi fonunda bu prosesin səbəbləri və gələcək dinamikası ilə bağlı müxtəlif fikirlər səslənir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov söyləyib. O bildirib ki, Xəzərin səviyyə tərəddüdləri bir sıra amillərin təsiri ilə formalaşır və gələcəkdə yenidən yüksəlmə mərhələsinin başlaya biləcəyin istisna deyil.

Müsahibimiz qeyd edib ki, Xəzər dənizinin səviyyəsində son onilliklər ərzində müşahidə olunan dəyişikliklər kompleks amillərlə bağlıdır və prosesi yalnız bir səbəblə izah etmək çətindir: “Xəzər dənizinin səviyyəsində 1978-ci ildən etibarən üç əsas mərhələ müşahidə olunur. 1978-ci ilə qədər dəniz səviyyəsi əsasən aşağı düşüb. 1978–1995-ci illərdə isə səviyyənin yüksəlməsi qeydə alınıb. 1995-ci ildən sonra Xəzərdə yenidən səviyyə enməsi başlayıb və hazırda azalma 3 metrdən çoxdur. Xəzər dənizində səviyyə dəyişmələrinin səbəbləri mürəkkəbdir. Bunu konkret olaraq yalnız bir amillə bağlamaq çətindir”.

İnstitutun şöbə müdiri deyib ki, yağıntıların və temperaturun dəyişməsi də Xəzərdə gedən proseslərin araşdırılması baxımından əhəmiyyət daşıyır. Alimin sözlərinə görə, apardığı tədqiqatlarda yağıntıların dinamikasında uzunmüddətli quraqlıq mərhələsi müşahidə olunur. Eyni zamanda, 1980-ci illərdən etibarən temperatur göstəricilərində artım tendensiyası qeydə alınır. “Buna baxmayaraq, qeyd olunan dövrdə Xəzər dənizinin səviyyəsi üç fərqli mərhələdən keçib. Bu da göstərir ki, prosesin səbəbləri çoxşaxəlidir”, – deyə coğrafiyaçı-alim vurğulayıb.

M.İsmayılov bildirib ki, Xəzərdə səviyyə tərəddüdləri gələcəkdə davam edə bilər və hazırkı enmə mərhələsindən sonra yenidən yüksəlmə ehtimalı nəzərə alınmalıdır: “Xəzərin səviyyə dəyişmələrinin öyrənilməsi yalnız mövcud vəziyyətin qiymətləndirilməsi ilə məhdudlaşmamalı, həmçinin gələcək dəyişikliklərə hazırlıq tədbirlərini əhatə etməlidir. Bu proses davam edəcək, səviyyənin enməsi gələcəkdə yenidən qalxma ilə əvəz oluna bilər. Ona görə də həm qalxma, həm də enmə dövründə Xəzər sahillərində gedən prosesləri öyrənmək, insanların həyat tərzini və təsərrüfat fəaliyyətini Xəzərin səviyyə tərəddüdlərinə uyğunlaşdırmaq vacibdir”.

https://azertag