Xəzər dənizində su səviyyəsinin azalması son illərdə region üçün ciddi ekoloji problemlərdən birinə çevrilib. Suyun geri çəkilməsi sahilyanı ərazilərin, bataqlıq və dayazlıq zonalarının dəyişməsinə, balıqların və digər su canlılarının yaşayış mühitinin daralmasına səbəb ola bilər. Bu proses biomüxtəlifliyə təsir etməklə yanaşı, sahilyanı ekosistemlərin təbii tarazlığını da poza bilər. Uzunmüddətli perspektivdə isə balıq ehtiyatlarının azalması, bəzi canlı növlərinin yayılma arealının dəyişməsi və ekosistemlərin daha həssas vəziyyətə düşməsi kimi risklər yarana bilər. Xəzər dənizində su səviyyəsinin azalması sahilyanı ekosistemlərə və biomüxtəlifliyə hansı təsirləri göstərə bilər?
Bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Ekologiya.az-a bildirib ki, Xəzərin səviyyəsi aşağı düşür:
“Əksər proqnozlara görə yaxın yüzillikdə Xəzərin səviyyəsinin aşağı düşməsi davam edəcək. Ən mənfi proqnozlara görə, Paris razılaşmasına riayət olunmasa, əsrin sonuna qədər Xəzərin səviyyəsinin təxminən 18 metr aşağı düşməsi mümkündür. Əgər qlobal istiləşmənin qarşısının alınması, atmosferə atılan karbon qazının və digər parnik qazlarının konsentrasiyasının azaldılması istiqamətində qəti tədbirlər görülərsə, vəziyyət nisbətən fərqli ola bilər. İstənilən halda, atmosferdə artıq kifayət qədər karbon qazı toplanıb. Yəni bundan sonra onun miqdarı artmasa belə, istiləşmə müəyyən qədər davam edəcək. Müsbət ssenari üzrə, yəni Paris razılaşmasına riayət olunacağı halda, əsrin sonuna qədər Xəzərin səviyyəsinin təxminən 9 metr aşağı düşəcəyi gözlənilir. Bu, o demək deyil ki, səviyyə birbaşa düz xətt boyunca, yəni yalnız monoton şəkildə aşağı düşəcək. Müəyyən dövrlərdə səviyyənin qalxması da mümkündür. Ancaq ümumi istiqamət aşağıya doğru olacaq. Yəni müəyyən müddətlərdə səviyyə müəyyən qədər qalxsa da, əsrin sonuna qədər ümumi dəyişmənin təxminən 9-18 metr arasında olması ehtimal edilir”.
O qeyd edib ki, səviyyənin aşağı düşməsi eyni zamanda dənizin həcminin azalmasıdır:
“Yəni dənizdə suyun miqdarı azalır. Bu da suda həll olunmuş və asılı vəziyyətdə qalan tullantıların, çirkləndiricilərin konsentrasiyasının artmasına səbəb ola bilər. Aydın məsələdir ki, əgər çirkləndiricilərin miqdarı dəyişmirsə, suyun həcmi azalırsa, orada daha qatı çirklənmə müşahidə olunacaq. Bu da Xəzərdə yaşayan canlılar, balıqlar və digər orqanizmlər üçün əlverişsiz şərait yaradır. Eyni zamanda, xüsusən sahil zonalarında qlobal istiləşmə ilə əlaqədar olaraq suyun səviyyəsinin daha da azalması onun daha tez qızmasına səbəb olur. Qızmış suda isə oksigen daha tez azalır. Bu zaman canlılar üçün əsas qida mənbələrindən biri olan planktonlar da məhv olur. Bütün bunlar Xəzərin biomüxtəlifliyinə mənfi təsir göstərir. Biomüxtəlifliyə mənfi təsir göstərən ikinci amil dəniz suyunun durmadan çirkləndirilməsidir. Təsəvvür eləyin ki, 30-50 il bundan əvvəl Xəzərin ətrafında yaşayan əhali ilə indiki əhali sayı arasında çox böyük fərq var. Elə Abşeron yarımadasını götürək. Müxtəlif səbəblərdən Abşeron yarımadasında yaşayan əhalinin sayı son 30-40 ildə 2-3 dəfə artıb. Digər Xəzəryanı ölkələrdə də Rusiyada, Qazaxıstanda, Türkmənistanda və İran sahillərində buna bənzər tendensiyalar davam edir. Aydın məsələdir ki, əhalinin sayının artması həmin qapalı su hövzələrinə, o cümlədən Xəzər dənizinə axıdılan çirkab sularının da miqdarının artmasına səbəb olur”.
Şöbə müdirinin sözlərinə görə, səviyyənin aşağı düşməsinin qarşısını almaq üçün son tədqiqatlar göstərir ki, səviyyə dəyişmələrində əsas rolu çayların gətirdiyi su, xüsusilə də Volqa çayının gətirdiyi su oynayır:
“Ona görə də çay sularından son dərəcə qənaətlə və səmərəli istifadə etmək lazımdır. Artıq su israfına yol vermək olmaz. Bu problem həll olunsa, Xəzərin səviyyəsinin aşağı düşməsi məsələsi qismən həll oluna bilər. İkinci məsələ isə Xəzərin çirklənməsidir. Bu da yenə beş Xəzəryanı ölkənin birgə atacağı addımlardan asılı olacaq. Xəzərə gələn çay suları və digər kanallar, kollektorlar vasitəsilə daxil olan çirkab suları yalnız təmizləndikdən sonra dənizə buraxılmalıdır ki, oradakı canlılara, balıqlara və digər orqanizmlərə mənfi təsir göstərməsin. Düzdür, indi süni yollarla balıqartırma məsələləri də mövcuddur.Xəzərə nərəkimilər və digər balıqlar gətirilərək buraxılır. Ancaq çirkli mühitdə, əlbəttə ki, onların da yaşaması son dərəcə çətindir. Eyni zamanda, başqa bir problem qlobal istiləşmə ilə əlaqədar suitilərlə bağlıdır. Bilirsiniz ki, onlar şimal ərazilərdə çoxalırlar və buzun üzərində nəsil artırırlar. Qlobal istiləşmə nəticəsində həmin ərazilərin sahəsi azalır. Bununla yanaşı, digər antropogen təsirlər onların ovlanması, brakonyerlik, suyun çirklənməsi və digər amillər son illərdə suitilərin populyasiyasının kəskin şəkildə azalmasına səbəb olub. Vaxtilə 1 milyondan artıq olan bu suitilərin populyasiyası artıq təxminən 100 minə yaxındır. Yəni əvvəl hər 2 kvadratmetrə bir suiti düşürdüsə, indi 4 kvadratkilometrə yalnız bir suiti düşür. Bu, lap əvvəllə müqayisə deyil, son illərlə müqayisədəki vəziyyətdir. Bu barədə beynəlxalq əməkdaşlıq çərçivəsində də addımlar atılıb. Vaxtilə Tehran razılaşması beş Xəzəryanı ölkə arasında əldə olunub ki, Xəzərin və Xəzərə tökülən çirklənmiş suların düzgün idarə olunması, eləcə də bu sahədə əməkdaşlıq təmin edilsin. Lakin bu işlərin səmərəsi hələ lazımi nəticəni vermir. Bundan sonra da ayrı-ayrı vaxtlarda müxtəlif görüşlər keçirilib, müxtəlif qərarlar qəbul edilib”.