AR ETN Coğrafiya İnstitutunun əməkdaşları Gəncə–Daşkəsən iqtisadi rayonunda coğrafi adların mənşəyinin öyrənilməsi məqsədilə sahə tədqiqatları aparıblar.
7–11 sentyabr 2026-cı il tarixlərində İnstitutun sektor müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Natiq Babayev və baş mütəxəssis Nazim Gəraylı Naftalan şəhəri və Göygöl rayonunda ezamiyyətdə olublar.
Tədqiqatlar “Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə coğrafi adların mənşəyinə görə təsnifatı (2026–2027)” mövzusu çərçivəsində həyata keçirilib.
Sahə tədqiqatları zamanı Naftalan şəhəri və Göygöl rayonunda yaşayış məntəqələrinin oykonimləri, eləcə də hidronim və oronimlərlə bağlı müşahidələr aparılıb. Coğrafi adların yerli tələffüz formaları, işlənmə xüsusiyyətləri və etimologiyası ilə bağlı yerli sakinlərdən şifahi məlumatlar toplanılıb.
Araşdırma çərçivəsində oykonimlər semantik xüsusiyyətlərinə görə oronimik, hidronimik, fitonimik, etnotoponimik və antroponimik qruplar üzrə ilkin sistemləşdirilib. Hidroqrafik və relyef obyektləri ilə bağlı toponimlər kartoqrafik materiallarla müqayisə edilərək dəqiqləşdirilib.
Tədqiqatlar nəticəsində Göygöl rayonunda hidronimik və fitonimik mənşəli oykonimlərin yayılmasına dair əlavə sahə materialları əldə olunub. Naftalan şəhəri üzrə etnotoponim və antroponim mənşəli yaşayış məntəqə adlarına dair faktoloji məlumatlar dəqiqləşdirilib.
Toplanmış mətn, foto və koordinat məlumatlarının rəqəmsallaşdırılaraq elektron toponim məlumat bazasına daxil edilməsi və arxivləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, əldə olunan sahə materialları “Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü”nün hazırlanması, regionun elektron toponim məlumat bazasının yenilənməsi və tədqiqatın analitik və kartoqrafik hissələrinin işlənməsi üçün istifadə olunacaq.