17-21 sentyabr 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Cənubi Qafqaz regionunun coğrafi və təbii irsinin öyrənilməsi, qorunması və davamlı inkişafı”na həsr olunmuş beynəlxalq elmi tədbir keçirilib. Tədbir Tbilisi Dövlət Universitetinin Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutunda təşkil olunub və regionun coğrafi potensialı, təbii və geoloji irsin qorunması, geoparkların davamlı inkişaf perspektivləri, eləcə də müasir coğrafi və geoməkan tədqiqatlarının aktual istiqamətlərinin müzakirəsi baxımından mühüm elmi platforma kimi çıxış edib.
Beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, c.e.d, dosent Zaur İmrani, a.e.ü.f.d. Ülviyyə Məmmədova, a.e.ü.f.d. Şəbnəm Məmmədova, Sevinc Bürzüyeva, Lamiya Xəlilova, Yusif Hidayətli, Gülər Hidayətli, Şəms İmrani və Nazim Gəraylı iştirak edirlər. İştirakçılar coğrafiya elmin müxtəlif istiqamətləri üzrə çıxış etmiş, Cənubi Qafqazın təbii və coğrafi xüsusiyyətlərini tədbir iştirakçılarına çatdırmışlar. Dinləyicilər müasir coğrafi metodların tətbiqi, təbii irsin qorunması, geoməkan analitikası, geoparkların yaradılması və inkişafı, ekoloji dayanıqlıq, ərazilərin davamlı idarə olunması ilə bağlı fikir mübadiləsi aparmışlar.
Layihə çərçivəsində keçirilmiş beynəlxalq konfransın davamı olaraq, Gürcüstanın mühüm arxeoloji və mədəni irs məkanlarına elmi-ekskursiya təşkil edilmişdir. Ekskursiya çərçivəsində Qadaçrili Qora arxeoloji abidəsi, İkinci Bolnisi Muzeyi və Dmanisi Arxeoloji Muzeyi ziyarət olunmuşdur. Səfər zamanı Cənubi Qafqazın qədim məskunlaşma tarixi, arxeoloji irsi, təbii-coğrafi xüsusiyyətləri və mədəni landşaftı ilə tanışlıq aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin iştirakı region ölkələrinin alimləri və mütəxəssisləri ilə elmi əlaqələrin inkişaf etdirilməsi, mövcud tədqiqat istiqamətləri üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə elmi təşəbbüslər üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.