AR ETN Coğrafiya İnstitutunda geoparklar üzrə beynəlxalq elmi seminar keçirilib Sen 25, 2026 | 04:09 / ELMİ İCLASLAR

AR ETN Coğrafiya İnstitutunda elmi təcrübə-mübadilə proqramı çərçivəsində “International Workshop on State of the Art Geopark Caucasus” adlı beynəlxalq işçi seminar keçirilib.Seminarda Almaniyanın Yustus Libix adına Gissen Universitetinin bir qrup alimi, eləcə də Coğrafiya İnstitutunun gənc alim və doktorantları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani qonaqları və seminar iştirakçılarını salamlayaraq beynəlxalq elmi əməkdaşlığın, təcrübə və bilik mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra çıxış edən  Prof. Dr. Andreas Dittmann bu cür tədbirlərin müxtəlif ölkələrin alimləri arasında əlaqələrin möhkəmləndirilməsi və birgə elmi tədqiqatların aparılması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Daha sonra coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov çıxış edərək beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən danışıb. O, müxtəlif elmi qurumların birgə həyata keçirdiyi layihə və tədqiqatların yeni elmi nəticələrin əldə olunmasına, təcrübə mübadiləsinin genişləndirilməsinə və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına mühüm töhfə verdiyini bildirib.

Elmi seminar  çərçivəsində müxtəlif aktual elmi mövzularda təqdimatlar dinlənilib. Dr. Martin Bergmann “The Early Hominids of Dmanisi” (“Dmanisinin qədim hominidləri”) mövzusunda məruzə ilə çıxış edib. Daha sonra Arxeologiya və Antroplogiya İnstitutunun əməkdaşı, t.ü.f.d Ellada Həsənova  “International archaeological expeditions in Azerbaijan” (“Azərbaycanda beynəlxalq arxeoloji ekspedisiyalar”), Sevinc Burzuyeva “Rethinking Geoparks: Regional Development, Local Benefits and Sustainability”(“Geoparklara yenidən baxış: regional inkişaf, yerli faydalar və davamlılıq”), c.ü.f.d., dosent Vüqar Dərgəhov “Sustainable Tourism in Azerbaijan Under Climate and Regional Change” (“İqlim və regional dəyişikliklər şəraitində Azərbaycanda davamlı turizm”), Şəms İmrani “Mechanisms of the Impact of Rural Tourism on Regional Sustainable Development in Azerbaijan” (“Kənd turizminin Azərbaycanda regional davamlı inkişafa təsir mexanizmləri”),c.ü.f.d. Beyimxanim Hüseynova isə “Geo-highlights of Nakhchivan” (“Naxçıvanın geoloji-coğrafi xüsusiyyətləri”) mövzusunda təqdimatla çıxış edib.

Təqdimatlarda geoparkların regional inkişafda rolu, yerli icmalar üçün yaratdığı imkanlar, davamlı inkişaf, Azərbaycanda beynəlxalq arxeoloji ekspedisiyalar, iqlim və regional dəyişikliklərin turizmə təsiri, Naxçıvanın geoloji-coğrafi xüsusiyyətləri, eləcə də kənd turizminin regional davamlı inkişafa təsir mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seminarda zamanı iştirakçıların sualları cavablandırılıb, təqdim olunan mövzular ətrafında müzakirələr keçirilib. Sonda elmi təcrübə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqatların aparılması və gələcək beynəlxalq əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.