Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə növbəti çöl ekspedisiyası həyata keçirilib Sen 28, 2026 | 11:09 / MÜHÜM HADİSƏLƏR

2026-cı il sentyabrn 21–25-i tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Torpaq Ekologiyası” laboratoriyasının müdiri dosent Zaman Məmmədovun rəhbərliyi ilə “Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusu üzrə növbəti çöl ekspedisiyası həyata keçirilmişdir.

Əvvəlki tədqiqatların davamı olaraq laboratoriyanın tematik planı çərçivəsində respublikanın müxtəlif bölgələrində davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin kompleks qiymətləndirilməsi nəzərdə tutulur. Hazırkı ekspedisiya Ucar rayonunun Müsüslü kəndi ərazisində yerləşən təxminən 8 hektarlıq yüksək dərəcədə çirklənmiş mənbə sahəsini və onun ətrafında yerləşən ümumilikdə  təxminən 500 hektarlıq tədqiqat ərazisini əhatə etmişdir.

Çöl tədqiqatlarının proqramı beynəlxalq metodiki tələblər, Stokholm Konvensiyasının prinsipləri, FAO-nun torpaq nümunələrinin götürülməsi üzrə metodik göstərişləri və digər müvafiq elmi metodikalar əsasında hazırlanmış eskiz layihəsinə uyğun həyata keçirilmişdir.

Əvvəlcədən kameral-hazırlıqda müəyyənləşdirilmiş II risk zonası olaraq Google Earth proqramında hazırlanmış koordinatlar əsasında tədqiqat nöqtələrinə çıxış təmin edilmiş və nümunəgötürmə işləri aparılmışdır. Tədqiqat zamanı metodikaya uyğun 16 nöqtədən 0–20 sm və 20–40 sm dərinliklər üzrə ümumilikdə 32 torpaq nümunəsi götürülmüşdür. Bununla yanaşı, ərazinin xarakterik sahələrini əhatə edən 2 nöqtədən bitki nümunələri toplanmış, çirklənmənin torpaq mikrobiotasına təsirinin və torpağın mikrobioloji fəallığının öyrənilməsi məqsədilə isə əlavə 10-a yaxın torpaq nümunəsi seçilərək götürülmüşdür.

 Eləcə də əvvəlki tədqiqat zamanı götürülmüş torpaq nümunələrində hər iki qat üzrə bəzi cirkləndirici maddələrin qalıqları tapıldığına görə yenidən həmi ərazilər yəni I risk zonası üzrə 4 nöqtəyə qayıdış edilərək 40-60 sm olmaqla nümunə götürülmüşdür. Məqsəd torpaq qatında qadağanedici maddələrin dinamikasını izləmək və hansı səviyyədə yayılmasını təsbit etməkdir.

Hazırda toplanmış nümunələr laboratoriya analizlərinə hazırlanır. Aparılacaq analizlərin nəticələri əsasında davamlı üzvi çirkləndiricilərin torpaqda yayılma səviyyəsi və məkan üzrə paylanması, çirklənmə riskləri, insan sağlamlığı və ətraf mühitə mümkün təsirləri qiymətləndiriləcək, həmçinin çirklənmiş ərazilərin sərhədləri dəqiqləşdiriləcəkdir.

Tədqiqatın nəticələri həm bölgənin, həm də respublikamızın biomüxtəlifliyinin qorunması baxımından ciddi aktuallığa malikdir.