Coğrafiya İnstitutunun kollektivi Qəbələ və İsmayıllı rayonlarına səfər edib Okt 12, 2026 | 10:10 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun kollektivi Həmkarlar Təşkilatının xətti ilə Qəbələ və İsmayıllı rayonlarına yaddaqalan səfər edib.

Səfərin əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkil edilməsi, əməkdaşlar arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsi, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olmaq olub.

Səfər çərçivəsində kollektivin ilk dayanacağı Qəbələ rayonu olub. Əməkdaşlar burada yerləşən Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, dövlətçilik tariximizdəki müstəsna rolunu əks etdirən materiallarla tanış olublar.

Daha sonra səfər İsmayıllı rayonunda davam edib. İnstitutun əməkdaşları rayonun qədim yaşayış məntəqələrindən biri olan Basqal kəndini ziyarət edərək onun tarixi-memarlıq xüsusiyyətləri və özünəməxsus milli-mədəni mühiti ilə tanış olublar.   Qədim küçələri, ənənəvi memarlığı və sənətkarlıq irsi ilə seçilən Basqal kəndi səfər iştirakçılarında xoş təəssürat yaradıb.

Kollektivin növbəti dayanacağı Azərbaycanın füsunkar təbiət guşələrindən biri olan Yeddi Gözəl şəlaləsi olub. Əməkdaşlar ərazinin təbii gözəlliklərini seyr edib, təbiətin qoynunda xoş anlar yaşayıblar. Səfər boyunca iştirakçılar bölgənin zəngin təbiəti, yaşıl meşələri və mənzərəli dağ landşaftları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Gəzinti proqramının sonunda kollektiv üçün süfrə təşkil olunub. Musiqili-əyləncəli proqramla davam edən istirahət əməkdaşlara gündəlik iş rejimindən uzaqlaşmaq, birlikdə xoş vaxt keçirmək və səmimi ünsiyyət qurmaq imkanı yaradıb.

Səfər iştirakçıların xoş təəssüratları ilə yadda qalıb. Belə tədbirlər kollektiv daxilində dostluq və həmrəyliyin möhkəmləndirilməsinə, əməkdaşların sosial və mənəvi istirahətinin təmin olunmasına, eləcə də işgüzar münasibətlərin daha da inkişafına töhfə verir.