Oktyabrın 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Rumıniyanın Tarqovişte şəhərində yerləşən Valahia Universitetinin nümayəndəsi, fəlsəfə doktoru (PhD), dosent Dumitru Goldbachın iştirakı ilə elmi tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani qonağı salamlayaraq beynəlxalq elmi əlaqələrin inkişafının, təcrübə mübadiləsinin və xarici universitetlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, bu cür elmi görüşlərin aktual məsələlərin müzakirəsi, yeni elmi yanaşmaların öyrənilməsi və institutlararası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə Dumitru Goldbach “Drivers of Purchase Intentions of Generation Z on Eco-Products” (Z nəslinin ekoloji məhsulları almaq niyyətinə təsir edən amillər) mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə ekoloji məhsullara istehlakçı münasibəti, onların alınmasına təsir göstərən amillər və davamlı istehlak davranışının xüsusiyyətləri araşdırılıb. Həmçinin Z nəslinin ekoloji məhsullara üstünlük verməsinə təsir edən amillər, istehlakçıların üzvi meyvə və tərəvəzlərə münasibəti və alış qərarlarının formalaşmasında rol oynayan meyarlar barədə məlumat verilib.
Elmi tədbirin əsas məqsədi Coğrafiya İnstitutu ilə Valahia Universiteti arasında akademik, elmi və institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi olub.