Xəzər dənizinə aid fundamental əsər Mart 04, 2015 | 10:03 / MÜHÜM HADİSƏLƏR

“Xəzər dənizinin hidrometeoroloji Atlası” akademik Ramiz Məmmədov tərəfindən hazırlanmış və 2014-cü ildə çap olunmuşdur. AMEA-nın prezidenti akademik Akif Əlizadənin elmi redaktorluğu ilə işıq üzü görmüş 300 səhifə həcmindəki bu möhtəşəm əsər şərti olaraq yeddi hissəyə bölünməklə, 353 tematik xəritəni, elmi-ensiklopedik mətni, 29 cədvəli və digər materialları özündə birləşdirir.

Atlas məzmununa, yeni tədqiqatların nəticələrinin istifadəsinə, xəritə tərtibatında kompüter texnologiyasının tətbiqinə, dizaynına görə fərqlənir, eləcə də böyük elmi təcrübi əhəmiyyətə malik maraqlı və aktual əsərdir.

Əsərin əvvəlində Xəzər dənizinin hidrometeorologiyası, sahil zonası və açıq dənizdə yerləşmiş müşahidə məntəqələri, bu məntəqələrdə aparılmış müşahidələr, onların davametmə müddəti və s. haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsində keçmiş SSRİ Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarının fond materiallarının, xüsusilə də AMEA-nın Coğrafiya İnstitutunun xüsusi rolu olmuşdur. Burada onun hazırlanmasının əsasları və istifadə olunmuş materiallar ətraflı xarakterizə edilir. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunun sahil zonası və adalarında yerləşən hidrometeoroloji stansiya və müşahidə məntəqələri haqqında məlumatlar qeyd olunur. Dənizin açıq hissəsində fəaliyyət göstərən dəniz observatoriyasının fotoşəkli və Yerin süni peykindən alınmış şəkil, o cümlədən hidrometeoroloji stansiyaların yerləşməsinin xəritə-sxemi verilir. Əsərin müsbət cəhətlərdən biri də burada dənizin akvatoriyasının dərinliklərə görə kvadratlara bölünməsi prinsipinə əsaslanmaqla tərtib olunmuş xəritə-sxemlərin təsvir edilməsidir.

İkinci hissədə Xəzər dənizi haqqında qısa məlumat, geomorfoloji xəritələr, Xəzər dənizinin fiziki-coğrafi səciyyəsi, körfəzləri, limanları, çayları, o cümlədən seysmik şəraiti, palçıq vulkanları, təbii ehtiyatları və s. geniş izah edilir.

Zəngin flora və faunaya məxsus, hidrometeoroloji rejiminə görə daha çox dənizə oxşayan, əslində böyük qapalı sututarı-göl olsa da, Xəzər–dəniz adlanır. 10 mln. il əvvəl formalaşmağa başlamış, bu müddətdə səviyyəsinin müxtəlif hündürlük və periodlu bir neçə transqresiya və reqressiya fazalarına məruz qalmış Xəzər tədricən Tetis okeanından ayrılmağa başlamışdır. Ən dərin hissəsi Lənkəran çökəkliyində olub 1025 m-ə bərabərdir. Dənizin orta dərinliyi 208 m-dir. Şimal hissəsi dayazdır və Avropanın ən böyük Volqa çayı buraya tökülür.

Möhtəşəm əsər olan bu Atlasın dili səlis və aydındır. Məhz bu da onun geniş istifadəçi auditoriyası üçün faydalı əsər olmasına dəlalət edir. Burada qeyd olunur ki, 8 dövlətin (Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan, Rusiya, Türkiyə, Ermənistan və Türkmənistan) ərazisi tamamilə və ya qismən Xəzər dənizi hövzəsinə daxildir. Bakı, Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atırau, Bəndər-Ənzəli, Nouşəhər isə onun əsas limanlarıdır.

Atlasda Xəzər dənizi dibinin geomorfoloji xüsusiyyətləri geniş təmsil olunmuşdur, əsərdə Xəzər dənizinin batimetrik, morfostruktur, meyillik bucaqları, eləcə də dəniz dibinin və sahillərinin geomorfoloji xəritələri verilir.

Ecazkar gözəlliyə və zəngin bioloji faunaya malik olan Xəzər dənizində yaşayan, eləcə də müvəqqəti miqrasiya edən quşların qorunduğu, mühafizə olunduğu Həştərxan, Qızılağac və Xəzər qoruqları haqqında geniş məlumatlar şərh edilir.

Atlas hazırlandığı zaman bir çox xarici və yerli alimlərin müvafiq sahədə yazılmış elmi əsərlərindən istifadə edilmiş, onlara istinadlar verilmiş və həmin tədqiqatlardan irəli gələn nəticələr müəllif tərəfindən əldə olunmuş şəxsi təcrübi materiallarla müqayisəli şəkildə təhlil olunmuşdur. Atlas orijinaldır, faktiki rəqəmlərə əsaslanır, dəyərli mənbədir, buna görə də o aktual problemlərin həllində istifadəyə yararlıdır. Xəzər dənizində aparılan ölçmələrdən əldə edilmiş yeni rəqəmlərin də əks olunması müsbət cəhət kimi diqqəti cəlb edir. Atlasın tərtib olunduğu müddətdə müəllif tərəfindən açıq dənizdə aparılan ölçmələrin nəticələri, onların müqayisəli formada ətraflı təhlil edilməsi və əldə olunan ümumi nəticələrin qiymətləndirilməsi oxucuda bu əsərə maraq oyadır.

Əsərin üçüncü hissəsi hidrologiyaya həsr olunmaqla, dənizdə səth sularının temperaturu, duzluluğu, axını və su dövranı ətraflı tədqiq edilir, həmçinin dəniz təsərrüfatına səth dalğalarının təsiri, sularının şəffaflığı, buz rejimi müəyyənləşdirilir. Xəzər dənizinin mövsümdən asılı olaraq buz örtüyünə malik olduğu və buz proseslərinin zaman-məkan etibarı ilə qeyri-bircinsliyi ilə fərqləndiyi qeyd edilir, çoxsaylı xəritələr verilir. İzah edilir ki, normal iqlim şəraitində dənizin şimal hissəsi noyabr ayının ortalarından donmağa başlayır. Donma sərhədi Çeçen adası ilə Manqıştau yarımadasını birləşdirən xətdən keçir. Buzların dağılması və əriməsi fevral ayının ikinci yarısına təsadüf edir. Qışı sərt olan illərdə Abşeron sahillərinin də donması və son 70 ildə altı dəfə Abşeron yarımadası ərazisində donma və buzların dreyfi müşahidə olunmuşdur. Səth dalğalarının dənizdə insanın təsərrüfat fəaliyyətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Atlasda bu hidroloji təhlilə böyük yer verilir.

Diqqəti cəlb edən məqamlardan biri də, Atlasdakı xəritələrin elmi cəhətdən dəqiq və müasir texnologiyalar tətbiq edilməklə hazırlanması ilə yanaşı, həm də estetik cəhətdən göz oxşayan rənglərlə ifadə olunmasıdır. Xəritələrin hər birinin leksik yazılış tərzi, onların legendasında istifadə olunmuş eyni rəngin müxtəlif çalarlarının ahəngli düzülüşü və onların xəritə üzərində sanki həzin axınla bir-birini ardıcıllıqla izləməsi hər hansı gözəllik nümunəsi kimi təsvir olunmuş rəsm əsərlərindəki rənglərin qarşılıqlı dalğavarı rəqsini xatırladır. “Xəzər dənizinin səth sularının aylar üzrə illik orta temperaturu” adı altında təsvir olunan xəritələrin hər biri ayrı-ayrılıqda xarici görünüşünə görə insanın gözünü və könlünü oxşayır. Həmçinin “Xəzər dənizinin Azərbaycan şelfinin müxtəlif hissələrində temperaturun paylanması”, “Səth sularının (aylar üzrə) duzluluğu”, “Xəzər dənizində əsən müxtəlif istiqamətli küləklərdə su mübadiləsi”, “Xəzər dənizində dalğaların hündürlüyü”, “Xəzər dənizində şəffaflığın illik orta paylanması”, eləcə də meteorologiyaya həsr olunmuş dördüncü hissədəki “Dəniz səthi üzərində havanın orta aylıq temperaturu”, “Küləyin aylar üzrə orta sürəti”, “Dəniz üzərində cəm buludluluq” və digər adlar altında tərtib olunmuş xəritələr də Atlasın elmi-praktik əhəmiyyətini artırır.

Atlasın müsbət cəhətlərindən biri də odur ki, müəllif Xəzər dənizinin səth suları üzərində günəş radiasiyası və albedonun kəmiyyətlərini hesablamış və dəqiq təhlil etmişdir. Meteoroloji elementlərin xəritə-sxemləri sahil zonası və açıq dənizdə aparılmış hidrometeoroloji müşahidələrin materialları əsasında tərtib olunmuşdur. Açıq dəniz üçün meteoroloji şəraitin səciyyəsi son 40 ildə (1961-2001-ci illər) bir dərəcəlik kvadratlarda gəmilərdən aparılmış müşahidələrin ortalanması ilə verilmişdir. Sahil zonası üçün 24 hidrometeoroloji stansiyanın materiallarından istifadə edilmişdir. Həmçinin qeyd olunur ki, müxtəlif rayonlar üzrə havanın orta və ekstremal temperaturunun paylanmasında ən böyük fərq qeydə alınır. Yazda isə tropik havanın Xəzərin şimal rayonlarına daxil olması və günəş radiasiyasının artması havanın temperaturunu sürətlə qaldırır. Orta temperaturun müsbət qiymətlərə keçməsi martın sonu, aprelin əvvəllərində baş verir. Eyni zamanda Atlasda Xəzər dənizi üzərində əsən küləklərin istiqaməti və gücünün üç amillə müəyyənləşdiyi ətraflı izah edilir. Birinci amil atmosferin səciyyəvi ümumi dövranı, ikinci amil dənizin özü tərəfindən yaradılan temperatur sahəsi, üçüncü amil isə onun sahillərinin relyefidir.

Əsərin beşinci hissəsində atmosferlə dənizin qarşılıqlı təsiri xarakterizə olunur, Xəzər dənizi üzərində buxarlanma istiliyi müəllif tərəfindən aparılmış tədqiqatların nəticəsinə əsaslanaraq aylar üzrə dəqiq faktiki qiymətlərlə ifadə edilir. İstilik balansı aylar üzrə təhlil edilərək xəritələrdə öz əksini tapır. Burada istilik adveksiyasının orijinal formada, müasir kompüter texnologiyalarından istifadə olunmaqla xəritələşdirilməsi Atlasın yüksək səviyyədə tərtib edildiyini bir daha sübut edir. Bu hissədə müxtəlif fəsillər və aylar üzrə dəniz səthinin tam istilik balansı, eləcə də müxtəlif aylar üçün suların istilik tutumu xəritələrdə öz əksini tapmışdır. Xəritələrin təhlili göstərir ki, istilik adveksiyasının müsbət böyük qiymətləri qış aylarına düşür, may ayından onun mənfi qiymətləri başlanır və iyun, iyul aylarında isə qiymətləri daha da azalır.

Atlasın altıncı hissəsində Xəzər dənizinin səviyyəsi xarakterizə edilir. Ümumiyyətlə, suyun həcminin və dəniz dibinin deformasiya dəyişmələrinin Xəzərin səviyyəsinə birbaşa təsiri izah olunur.

Bu hissədə Xəzər dənizinin geoloji dövrdə səviyyəsinin formalaşması, əsrlik-tarixi, çoxillik, illərarası, mövsümi dəyişmələri səciyyələndirilir və onlar haqqında ətraflı məlumat verilir. Eləcə də bu möhtəşəm əsərdə dəniz səviyyəsinin dəyişilməsində geoloji və geomorfoloji, hidroiqlim, antropogen amillərinin rolu geniş şərh edilir. Mavi Xəzərin sularının səviyyə tərəddüdünə oraya axan Volqa, Kür, Ural, Terek, Sulak, Samur və İranın sahil çaylarının su sərfinin tərəddüdü böyük təsir göstərir.

Xəzər dənizinin hidrometeoroloji Atlasında mövcud olan informasiyaların cəm halında əks edildiyi yeddinci hissədə çoxsaylı cədvəllər verilir. Atlasda verilənlərin informasiya bazası bu hissədə toplanır və bununla da əsər tamamlanır.

Müəllif tərəfindən aparılmış çoxsaylı tədqiqatların nəticəsi kimi hazırlanmış əvəzolunmaz, gözoxşayan rənglərin ahəngi ilə bəzədilmiş şəkillər əlavə edilməklə daha da qiymətli əsərə çevrilmiş, möhtəşəm sənət əsərini xatırladan, elmi-nəzəri biliklərlə, eləcə də dəqiq faktiki qiymətlərə əsaslanmaqla tərtib edilmiş xəritələrlə zəngin olan bu Atlas Azərbaycan elminə böyük töhfədir.

“Xəzər dənizinin hidrometeoroloji Atlası” Xəzər dənizində neft hasilatı, onun nəqli, orada hidrotexniki qurğuların tikilməsi, gəmiçilik və digər təsərrüfat fəaliyyətlərində istifadə etmək üçün hazırlanıb. Əsərdən hidrometeorologiya, hidrofizika və Xəzər dənizi regionunda sosial-iqtisadi şəraitlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər. Eləcə də doktorantlar və universitetlərin müvafiq fakültələrində təhsil alan tələbələr üçün də faydalıdır.

Atlas ARDNŞ-in “Elm fondu”nun qrantı əsasında tərtib və nəşr olunmuşdur.

Ümumiyyətlə, təqdim olunmuş əsərin hər hissəsi özünəməxsus yeniliyə malikdir. Elmi, elmi-publisistik və bədii cəhətdən yüksək keyfiyyətli zəngin məlumatların əks olunduğu cədvəllər, şəkillər və verilən mətnlər bütün hissələri məntiqi ardıcıllıqla tamamlayır. Akademik R.M.Məmmədov tərəfindən hazırlanmış, geniş elmi-kütləvi biliklərlə səciyyələnən ensiklopedik quruluşla xarakterizə edilən bu tədqiqat işi böyük elmi-nəzəri, praktiki əhəmiyyətli nəticələri olan Atlas kimi həm yerli, həm də xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Elbrus ƏLİZADƏ,

AMEA-nın müxbir üzvü, professor .