Prezident o sözləri deyəndə nəyi nəzərdə tutub? – İZAH Okt 12, 2026 | 03:10 / MÜSAHİBƏLƏR

Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edərkən Prezident İlham Əliyev deyib: “Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb”.

Dövlət başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”

Prezident İlham Əliyev bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil: “Əsas səbəblərdən biri çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillərdir”.

Çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillər dedikdə Prezident nələri nəzərdə tutur?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib: “Cənab Prezident çox doğru qeyd edir: son illərdə Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşməsi təkcə iqlim amilləri ilə deyil, çay axınlarının kəskin azalması ilə də əlaqədardır. Məncə, burada söhbət ilk növbədə ayrı-ayrı Xəzəryanı ölkələrin ərazilərində kənd təsərrüfatı fəaliyyətinin genişlənməsindən, suvarılan torpaqların sahəsinin artmasından və sudan səmərəsiz istifadə edilməsindən gedir. Müasir suvarma üsullarına riayət olunmaması və həddindən artıq su sərfi nəticəsində çayların axını kəskin şəkildə azalır. Bu, həm Volqa, həm Kür, həm Terek və Ural, həm də Xəzərə tökülən digər çaylara aiddir.

Mənə elə gəlir ki, burada əsas problemlərdən biri Xəzərə tökülən suların 80 faizdən çoxunu təmin edən Volqa çayı ilə bağlıdır. Çünki Volqa üzərində çoxsaylı böyük su anbarları tikilib və onların üzərində su elektrik stansiyaları fəaliyyət göstərir. Temperaturun getdikcə artması nəticəsində ümumi səthi 36 min kvadratkilometrdən çox olan həmin su anbarlarından buxarlanma da artır.

Əslində, Volqa hövzəsinə düşən yağıntıların miqdarında ciddi dəyişiklik yoxdur. Lakin buxarlanmanın artması ilə yanaşı antropogen amillər, o cümlədən kənd təsərrüfatı əkin sahələrinin genişlənməsi və sudan səmərəsiz istifadə çay axınlarının azalmasına səbəb olur. Temperaturun yüksəlməsi kənd təsərrüfatında suya tələbatı da artırır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Rusiyanın sənaye və kənd təsərrüfatı obyektlərinin təxminən 50 faizi Volqa çayı üzərində yerləşir. Təsərrüfat fəaliyyəti genişləndikcə və əhalinin sayı artdıqca suya tələbat da yüksəlir. Eyni vəziyyət digər çaylarda da müşahidə olunur. Bütün bunlar çay axınlarının azalmasına, nəticədə isə Xəzərin səviyyəsinin kəskin aşağı düşməsinə gətirib çıxarır.

Həm bizim, həm də xarici ölkə alimlərinin apardığı tədqiqatlar göstərir ki, Xəzərin su balansında, daha doğrusu, səviyyə dəyişmələrində əsas rolu dənizə tökülən çayların gətirdiyi suyun miqdarı oynayır. Qeyd etdiyim kimi, bu suyun 80 faizdən çoxu Volqa çayının payına düşür.

Bununla əlaqədar olaraq oktyabrın 9-da Azərbaycan Prezidenti Türkmənbaşı şəhəri yaxınlığında yerləşən Avaza Milli Turizm Zonasında keçirilən ekoloji sammitdə iştirak edərkən Xəzərin səviyyəsindəki kəskin dəyişikliklərin qarşısını almaq məqsədilə beş Xəzəryanı ölkə arasında xüsusi hökumətlərarası komissiyanın yaradılmasını təklif etdi. Komissiyanın nazir müavinləri səviyyəsində formalaşdırılması nəzərdə tutulur. Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya bu tədbirdə müvafiq nazirliklər səviyyəsində təmsil olunmalıdırlar.

Komissiyanın məqsədi Xəzərin səviyyə dəyişmələrini elmi baxımdan daha ətraflı öyrənmək, onların səbəblərini müəyyənləşdirmək və problemin aradan qaldırılması yollarını göstərməkdir. Çünki cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Xəzərin səviyyəsinin aşağı düşməsi davam edərsə, bu, ciddi iqtisadi, siyasi, sosial və ekoloji mənfi nəticələrə gətirib çıxara bilər.

Hesab edirəm ki, hörmətli Prezidentimiz kənd təsərrüfatı fəaliyyətini və çay axınlarının azalmasını qeyd edərkən məhz bu amilləri nəzərə alıb”.

medianews.az