Coğrafiya İnstitutunun əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) urbanizasiya və şəhərsalma mövzusunda çıxış ediblər Okt 13, 2026 | 02:10 / MÜHÜM HADİSƏLƏR

13 oktyabr tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalova və institutun kiçik elmi işçisi Aygül Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji heyət və tələbələrlə görüş keçiriblər.

Dövlət Proqramı çərçivəsində təşkil olunan görüş “Urbanizasiya və şəhərsalma” istiqamətinə həsr olunub. Tədbirdə Səidə Zeynalova “Bakı aqlomerasiyasında (Böyük Bakı) urbanizasiya və təbii landşaftların transformasiyası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Bakı aqlomerasiyasında urbanizasiya proseslərinin xüsusiyyətləri, şəhər ərazilərinin genişlənməsinin təbii landşaftlara təsiri və landşaft dəyişikliklərinin əsas istiqamətləri diqqətə çatdırılıb. Həmçinin şəhərsalmanın müasir çağırışları, ərazilərin səmərəli planlaşdırılması, ekoloji tarazlığın qorunması və dayanıqlı şəhər inkişafının təmin olunması məsələləri müzakirə edilib.

Görüşün əsas məqsədi urbanizasiya və şəhərsalma sahəsində elmi tədqiqatların nəticələrini tələbə və pedaqoji heyətlə bölüşmək, bu istiqamətdə bilik və məlumatlılığı artırmaq, eləcə də ali təhsil və elmi tədqiqat müəssisələri arasında əməkdaşlığı genişləndirmək olub.

Tədbir mövzu ətrafında fikir mübadiləsinin aparılması, urbanizasiya və şəhərsalma sahəsində aktual məsələlərin müzakirəsi, elmi biliklərin paylaşılması və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyıb.