Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, birgə elmi təşəbbüslərin həyata keçirilməsi və akademik tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanması ilə əlaqədar keçirilən görüşdə Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani, Elmi kadr hazırlığı sektorunun müdiri Müseyib Yunusov və Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektorunun müdiri Sərxan Cəfərov iştirak ediblər.
Görüş zamanı elmi-tədqiqat müəssisələri ilə ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, müasir elmin qarşısında duran çağırışlar, yüksəkixtisaslı kadr hazırlığı, innovativ tədris metodlarının tətbiqi və elmi nəticələrin təhsil prosesinə inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb.
İmzalanmış memorandum çərçivəsində iki qurum arasında genişmiqyaslı elmi və akademik əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Tərəfdaşlıq çərçivəsində coğrafiya, ekologiya, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, dayanıqlı inkişaf və digər aktual istiqamətlər üzrə birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi planlaşdırılır.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də Coğrafiya İnstitutunun alim və mütəxəssislərinin Qərbi Kaspi Universitetində ustad dərsləri, açıq mühazirələr, elmi-praktik seminarlar və təlimlər təşkil etməsi olacaq. Bu tədbirlər vasitəsilə institutun zəngin elmi təcrübəsinin tələbə və gənc tədqiqatçılarla bölüşdürülməsi, onların müasir coğrafi tədqiqat metodları, coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama texnologiyaları və innovativ elmi yanaşmalarla yaxından tanış olması üçün yeni imkanlar yaradılacaq.
Bununla yanaşı, tərəflər arasında birgə respublika və beynəlxalq elmi konfransların, simpoziumların, elmi forumların, dəyirmi masaların və tematik seminarların təşkili, elmi nəşrlərin hazırlanması, ortaq tədqiqatların aparılması və beynəlxalq elmi layihələrdə birgə iştirak imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Memorandum çərçivəsində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, onların Coğrafiya İnstitutunun laboratoriya və struktur bölmələrinin fəaliyyəti ilə tanışlığı, elmi təcrübə və praktiki biliklərinin artırılması, həmçinin magistrant və doktorantların tədqiqat fəaliyyətinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlıq çərçivəsində gənc alim və tədqiqatçıların birgə elmi layihələrdə iştirakının təşviqi, onların elmi potensialının inkişaf etdirilməsi və tədqiqat fəaliyyətinə elmi-metodiki dəstəyin göstərilməsi də nəzərdə tutulur.
Eyni zamanda, elmi innovasiyaların təşviqi, müasir rəqəmsal texnologiyaların coğrafiya elminə tətbiqi, beynəlxalq qrant proqramlarında birgə iştirak və elmi nəticələrin praktik tətbiq imkanlarının artırılması istiqamətində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi planlaşdırılır.
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında imzalanmış memorandum yalnız iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsinə deyil, həm də elmi potensialın birləşdirilməsinə, nəzəri biliklərlə praktiki təcrübənin uzlaşdırılmasına, gənc mütəxəssislərin yetişdirilməsinə və ölkəmizdə coğrafiya elminin inkişafına xidmət edən yeni təşəbbüslərin reallaşdırılmasına geniş imkanlar açacaq.
Bu tərəfdaşlığın gələcəkdə birgə elmi nailiyyətlərə, innovativ layihələrə və davamlı akademik əlaqələrin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.