Qobustan ərazisində “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının landşaft-indikasiya müşahidələri Okt 15, 2026 | 10:10 / MÜHÜM HADİSƏLƏR

14 oktyabr 2026-cı il tarixində “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının gənc alimləri Firuzə Ağayeva, Aygün Hacıyeva, Kəmalə Mahmudova İnstitutunun Elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalovanın rəhbərliyi ilə Qobustan ərazisində yarımsəhra landşaftlarının müasir vəziyyətinin öyrənilməsi məqsədilə qısamüddətli çöl tədqiqatları və landşaft-indikasiya müşahidələri aparmışdılar. Müşahidələr zamanı ərazinin təbii şəraiti, bitki örtüyünün xüsusiyyətləri, yovşanlı yarımsəhra landşaftlarının yayılması, torpaq səthinin vəziyyəti və şoranlaşma əlamətləri qiymətləndirilmişdir.

Tədqiqat zamanı Qobustanın səciyyəvi təbii geosistemlərindən biri olan palçıq vulkanlarının ətraf landşaftlara təsiri, relyef formalarının xüsusiyyətləri, eləcə də torpaq və bitki örtüyündə müşahidə olunan dəyişikliklər öyrənilmişdir. Xüsusilə, quraq iqlim şəraitinin, torpaqların şoranlaşmasının və bitki örtüyünün seyrəkliyinin landşaftların formalaşması və inkişafındakı rolu araşdırılmışdır.

Aparılan çöl müşahidələri Qobustan yarımsəhra landşaftlarının ekoloji vəziyyətinin ilkin qiymətləndirilməsi, təbii proseslərin landşaft indikatorları əsasında müəyyənləşdirilməsi və ərazidə baş verən dəyişikliklərin gələcəkdə daha ətraflı tədqiqi baxımından əhəmiyyətlidir. Toplanmış müşahidə materialları landşaftların müasir vəziyyətinin təhlili və ekoloji qiymətləndirilməsi üçün ilkin elmi məlumat bazasının formalaşdırılmasına xidmət edir.