14 oktyabr tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-in Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.
İclasda elmi-təşkilati məsələlər müzakirə olunub, institutun aparıcı elmi işçisi, a.e.ü.f.d. Xuraman Zeynalova 70 illik yubileyi münasibətilə təbrik edilib, ona cansağlığı və elmi fəaliyyətində uğurlar arzulanıb.
İclasda, həmçinin institut əməkdaşları üçün Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə təlimlərin təşkili məsələsinə baxılıb. Direktor Zaur İmrani “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyasının bazasında ArcGIS proqramı üzrə təlimlərin keçirilməsini və hər laboratoriyadan bir əməkdaşın bu təlimlərə cəlb olunmasını təklif edib. Təklif Elmi Şura üzvləri tərəfindən müsbət qarşılanıb.
“Kitabxana və elektron resursların idarəolunması” sektorunun müdiri, c.ü.f.d. Natiq Babayev çöl tədqiqatları haqqında hesabatla çıxış edib. “Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə coğrafi adların mənşəyinə görə təsnifatı” (2026–2027) mövzusu çərçivəsində aparılan ekspedisiyanın nəticələri təqdim olunub. Gəncə şəhəri və Samux rayonunda keçirilən tədqiqatlar zamanı yerli coğrafi adların mənşəyi, tarixi və etimoloji xüsusiyyətləri araşdırılıb, yeni toponimlər qeydə alınıb, onların koordinatlarının dəqiqləşdirilməsi və xəritələşdirilməsi üçün məlumatlar toplanıb.
Daha sonra “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ülviyyə Məmmədova Şahdağ Milli Parkının Şamaxı bölməsində aparılmış çöl tədqiqatlarının nəticələrini təqdim edib. Hesabatda Araqçın və Pirqulu təbii zonalarının ekoloji vəziyyəti, landşaft, torpaq və bitki örtüyünün xüsusiyyətləri, biomüxtəlifliyin qorunması, eləcə də təbii və antropogen amillərin ekosistemlərə təsiri qiymətləndirilib. Tədqiqat nəticəsində potensial risk zonaları müəyyənləşdirilib, GPS və müasir geoinformasiya texnologiyalarının tətbiqi ilə monitorinq məlumatları sistemləşdirilib. Əldə olunan nəticələr milli parkda ekoloji monitorinqin təkmilləşdirilməsi, biomüxtəlifliyin qorunması və təbii ekosistemlərin davamlı idarə olunması üçün elmi-praktik əhəmiyyət daşıyır.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.