Coğrafiya İnstitutunun əməkdaşları Abşeron və Cənub-Şərqi Qobustanda səhralaşma proseslərini tədqiq ediblər Okt 20, 2026 | 01:10 / MÜHÜM HADİSƏLƏR

12–16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Torpaqların rekultivasiyası laboratoriyasının əməkdaşları “Abşeron və Cənub-Şərqi Qobustan torpaqlarında səhralaşma prosesinin tədqiqi və ona qarşı kompleks mübarizə tədbirləri” mövzusu üzrə elmi-tədqiqat ekspedisiyasında iştirak ediblər.

Ekspedisiyaya a.e.ü.f.d., dosent İ.Quliyev rəhbərlik edib. Ekspedisiyanın üzvləri a.e.d M.Mustafayev, a.e.ü.f.d. S. Talibi, f.r.e.ü.f.d S.İsgəndərov və D.Baxışov olublar.

Ekspedisiyanın əsas məqsədi tədqiq olunan ərazilərdə torpaq örtüyünün müasir vəziyyətini öyrənmək, səhralaşma proseslərinin inkişafına təsir göstərən təbii və antropogen amilləri araşdırmaq, torpaqların deqradasiya xüsusiyyətlərini qiymətləndirmək və torpaq ehtiyatlarının mühafizəsinə yönəlmiş elmi-praktik tədbirlər üçün əsaslar müəyyənləşdirmək olub.

Ekspedisiya çərçivəsində Pirsaatçay su anbarı, Torağay və Otmanbozdağ vulkanları, eləcə də Ceyrankeşməz ərazisində çöl-tədqiqat işləri aparılıb. Tədqiqatlar zamanı ərazilərin geomorfoloji xüsusiyyətləri, torpaq səthinin vəziyyəti, bitki örtüyünün yayılması, səth axınlarının torpaq örtüyünə mümkün təsiri və səhralaşma ilə əlaqəli ekoloji amillər araşdırılıb.

Çöl müşahidələri zamanı relyefin, quraq iqlim şəraitinin, atmosfer yağıntılarının qeyri-bərabər paylanmasının və bitki örtüyünün torpaqların vəziyyətinə təsiri nəzərdən keçirilib. Eyni zamanda, torpaqların su eroziyası və külək eroziyası (deflyasiya) proseslərinə həssaslığının müəyyənləşdirilməsi, torpaq səthinin mühafizə vəziyyətinin öyrənilməsi və deqradasiya risklərinin qiymətləndirilməsi istiqamətində müşahidələr aparılıb.