Coğrafiya İnstitutunun direktoru Zaur İmrani institutun Xəzər dənizi ilə bağlı apardığı tədqiqatlar və hazırda bu istiqamətdə görülən işlərlə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
- Zaur bəy, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində BMT nümayəndəsi Xəzərdə “dramatik dəyişikliklər” gözlənildiyi barədə xəbərdarlığını Coğrafiya İnstitutu olaraq necə qiymətləndirirsiniz? Təhlükə həqiqətən qapıdadır?
- Son dövrlərdə institutumuzda Xəzər dənizinin sahilyanı landşaftlarının transformasiyası, eləcə də bəzi tədqiqatlarda dənizdə su səviyyəsinin dəyişməsinin səbəbləri ilə bağlı geniş elmi araşdırmalar aparılır.
Şübhəsiz ki, bu problem hazırda olduqca aktualdır. Lakin Xəzər dənizində su səviyyəsinin dəyişmələrinin dövri xarakter daşıdığını nəzərə alaraq, ümid etmək olar ki, müəyyən müddətdən sonra səviyyənin enməsi qalxma ilə əvəz olunacaq və ya ən azı, su səviyyəsinin azalması indiki qədər intensiv xarakter daşımayacaq.
Çay sularından nəzarətsiz istifadə dəniz səviyyəsinə ciddi təsir göstərir
- Qeyd etdiniz ki, səviyyənin qalxacağına ümid etmək olar. Bəs institutunuzun apardığı son tədqiqatlar və real elmi faktlar bu nikbin ehtimalı dəstəkləyirmi, yoxsa qlobal istiləşmə Xəzərin təbii dövrülüyünü pozub?
- Xəzər dənizinin su səviyyəsinin dəyişməsini yalnız qlobal istiləşmə ilə əlaqələndirmək düzgün olmaz. Bu prosesə təsir edən bütün təbii və antropogen amillər kompleks şəkildə nəzərə alınmalıdır. Əvvəlki su səviyyəsi enmə və qalxma dövrləri ilə müqayisədə müasir mərhələnin əsas xüsusiyyəti antropogen təsirin - insan amilinin artmasıdır. Bizim fikrimizcə, məhz antropogen təsirin artması Xəzər dənizində su səviyyəsinin hazırkı dövrdə daha intensiv şəkildə azalmasının əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər.
- Bəs dediyiniz bu insan amili özünü konkret hansı formalarda büruzə verir? Xəzəri qidalandıran çayların, xüsusən də Volqa çayının su ehtiyatlarından istifadə prosesində hansı qüsurlar var?
- Çoxsaylı müşahidələrimizin nəticələri göstərir ki, Xəzər dənizinin su səviyyəsinin azalmasının əsas səbəblərindən biri çay sularından səmərəsiz istifadə olunmasıdır. Çayların yuxarı axınlarında, bir qayda olaraq, su sərfi daha yüksək olur. Lakin su ehtiyatlarından nəzarətsiz və qeyri-səmərəli istifadə nəticəsində çayların orta və aşağı axınlarına daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə azalır. Bu amilin Xəzər dənizinə daxil olan çay sularının azalmasına və nəticədə dəniz səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərdiyini düşünürük.
- Su səviyyəsinin azalması davam edərsə, bunun ekosistemlərə və biomüxtəlifliyə ən ciddi təsirləri hansı istiqamətlərdə özünü göstərə bilər?
- Təbii ki, su səviyyəsinin dəyişməsi nəticəsində ekosistemdə ciddi transformasiyalar baş verə bilər. Su səviyyəsinin azalması ilə akval rejimə malik ekosistemlər tədricən kontinental rejimə keçə bilər. Lakin ərazinin düzgün idarə olunması və dəyişikliklərə adaptasiya tədbirlərinin həyata keçirilməsi şəraitində bu transformasiyanın mütləq şəkildə faciəvi nəticələrə gətirib çıxarması gözlənilmir. Ekosistem canlı və dinamik sistem olduğundan, gələcəkdə Xəzər dənizinin su səviyyəsinin yenidən yüksələcəyi halda, onların müəyyən dərəcədə ilkin vəziyyətinə qayıtması mümkündür.
- Zaur bəy, Xəzərlə bağlı 10-20 illik proqnozlar verməkdə qeyri-müəyyənliyin əsas səbəbi nədir? Digər Xəzəryanı ölkələrin elmi insitututları ilə məlumat mübadiləsində qapalılıq varmı və bu, proqnozlara necə təsir edir?
- Bu günədək, hətta instrumental müşahidə və ölçmə metodlarından istifadə edilməsinə baxmayaraq, Xəzər dənizinin su səviyyəsinin dəyişməsini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Əsasən müxtəlif ssenarilər üzrə təxmini proqnozlar təqdim edilir. Çünki proses çox mürəkkəbdir.
Eyni zamanda, su səviyyəsinin dəyişməsində tektonik amillərin mümkün təsirini də istisna etmək olmaz. Xüsusilə Xəzərin cənub hissəsində seysmik aktivliyin dəyişməsi və son dövrlərdə palçıq vulkanlarının aktivliyinin müşahidə olunması - buna nümunə kimi Otman-Bozdağ palçıq vulkanının son püskürməsini göstərmək olar - bu istiqamətdə ciddi tədqiqatların aparılmasını zəruri edir.
Xəzəryanı ölkələrin elmi insitututları ilə biz mütəmadi olaraq elmi tədqiqatlar aparır, birlikdə nüfuzlu elmi jurnallarda məqalələr çap etdiririk. Son belə tədqiqaımız Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu ilə müştərək yazdığımız və “Journal of Water and Climate Change” yəni “Su və İqlim Dəyişikliyi” adlı jurnalda çap olunan “Azərbaycanın Xəzər dənizi sektorunda iqlim tendensiyaları və onlarla əlaqəli atmosfer sirkulyasiyası indeksləri” adlı məqa1ə olub. Hazırda da bu istiqamətdə elmi tədqiqatlarımız davam edir.
Su səviyyəsi, sahil xətti, eroziya və şoranlaşmanın kompleks elmi monitorinqi aparılmalıdır
- Azərbaycanın sahil ərazilərində fəlakətin miqyasını azaltmaq üçün hansı təxirəsalınmaz elmi monitorinqlərə ehtiyac var? Hazırda rəhbəri olduğunuz institutun əməkdaşları tərəfindən hansı tədqiqatlar və ekspedisiyalar həyata keçirilir?
- Xəzər dənizi Coğrafiya institutunun daim diqqət mərkəzində olub və bu istiqamətdə ekspedisiyalar müntəzəm olaraq ilin müxtəlif fəsillərində həyata keçirilir. Hazırda Xəzər dənizi ilə bağlı iki layihə “Qlobal iqlim dəyişkənliyi şəraitində su balansı elementlərinin və iqlim göstəricilərinin Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsiri” və “Azərbaycan sektorunda sahilyanı zonanın transformasiyası və ekoloji risklər” üzərində elmi tədqiqat işləri aparılır.
Azərbaycanın sahil ərazilərində riskləri azaltmaq üçün su səviyyəsi, sahil xətti, eroziya, çay axınları, qrunt suları, şoranlaşma və landşaft dəyişikliklərinin kompleks elmi monitorinqi aparılmalıdır. Ki, bu istiqamətdə institutumuzun əməkdaşları mütamadi çalışırlar.
- Qazaxıstanın Manqistau vilayətində yeni “Rıbaçi” adasının yaranması Xəzərin ekoloji və coğrafi vəziyyəti baxımından ciddi siqnaldır. Yaxın gələcəkdə Azərbaycan ərazi sularında yeni adaların ortaya çıxması və ya mövcud adaların sahələrinin kəskin böyüməsi gözlənilirmi?
- Adaların yox, adacıqların (kiçik ölçülü ada-red) üzə çıxma ehtimalı istisna edilmir. Xəzər dənizinin səviyyəsi azalmağa davam edərsə, Azərbaycanın dayaz sahil zonalarında yəni Abşeron yarımadası, Qızılağac körfəzi ətrafında yeni adacıqların yaranması və mövcud adaların sahəsinin genişlənməsi mümkündür. Lakin bunun miqyasını və müddətini dəqiq proqnozlaşdırmaq üçün davamlı peyk və CiS monitorinqlərinin aparılması tələb olunur.
Azərbaycanın yollarını və su obyektlərini vahid kataloqda toplayırıq
- Zaur bəy, azad edilmiş ərazilərin və ölkənin yaşıl enerji potensialı ilə bağlı tədqiqatlar aparmısınızmı? Bu sahədə hansı elmi nəticələr əldə olunub? Eyni zamanda institutun qarşısında duran ən vacib elmi hədəflər və planlar nələrdir?
- Birinci hesabat günəş enerjisi modeli və radiasiyasının udulması ilə bağlıdır ki, bunun əsasında Qlobal Spektral Atlas hazırlanıb. Həmçinin külək turbinlərinin quraşdırılma hündürlüyü və istiqamətlərini müəyyən edən iki hesabatımız var. Çap olunan monoqrafiyalarımızda isə Azərbaycanın enerji problemlərinin aradan qaldırılması yolları, günəş istiliyi və küləyin istiqaməti üzrə alternativ energetikanın planlaşdırılması məsələləri əksini tapıb.
Hədəflərimizə gəlincə, Azərbaycanın bütün coğrafi məlumatlarını, yollarını və su obyektlərini ilin sonunadək vahid kataloq şəklində toplayırıq. Xəzərdə suyun buxarlanmasını ölçür, Bakı-Türkmənbaşı marşrutu üzrə günəş və külək enerjisi potensialını hesablayırıq. İqlim dəyişikliyi fonunda xüsusilə Kiçik Qafqaz regionunda çaylarımızın su balansını da müasir metodlarla araşdırırıq.