“Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda V Beynəlxalq Elmi Konfrans işini Coğrafiya İnstitutunda davam etdirib Noy 04, 2026 | 09:11 / ELMİ İCLASLAR

Noyabrın 3-də “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda V Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda keçirilən plenar iclas və elmi müzakirələrlə işini davam etdirib.

İclasda yerli və xarici alimlər, müxtəlif elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edərək coğrafiya elminin müasir problemləri, aktual tədqiqat istiqamətləri və elmi yeniliklər ətrafında fikir mübadiləsi aparıblar.

Təqdim olunan məruzələrdə turizm və rekreasiya potensialının qiymətləndirilməsi, ekoturizmin inkişaf perspektivləri, kənd təsərrüfatında baş verən sosial-iqtisadi dəyişikliklər, ətraf mühitin ekoloji vəziyyəti və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri geniş yer alıb. Alimlər bu istiqamətlərdə aparılan tədqiqatların nəticələrini təqdim edərək mövcud problemlərin elmi əsaslarla araşdırılmasının və əldə olunan nəticələrin praktikada tətbiqinin əhəmiyyətini diqqətə çatdırıblar.

Elmi müzakirələrdə yerüstü su ehtiyatlarının öyrənilməsi məsələlərinə də xüsusi diqqət yetirilib. Regionların hidroloji xüsusiyyətləri, su resurslarının qiymətləndirilməsi, onların qorunması və səmərəli idarə olunması ilə bağlı tədqiqatlar təqdim edilib. Bununla yanaşı, dəyişən dünyada coğrafiya elminin qarşısında duran yeni çağırışlar, tədqiqat və tədris prioritetləri, müasir elmi metodların tətbiqi, eləcə də süni intellekt və rəqəmsal texnologiyaların elm və təhsil prosesinə inteqrasiyası məsələləri müzakirə olunub. Coğrafi tədqiqatlarda innovativ yanaşmaların tətbiqinin və elmi nəticələrin tədris prosesində istifadəsinin əhəmiyyəti vurğulanıb.

İclas çərçivəsində aparılan müzakirələr coğrafiya elminin müasir inkişaf istiqamətlərini, ekoloji və sosial-iqtisadi problemlərin kompleks şəkildə öyrənilməsini, eləcə də elmi tədqiqatların praktik əhəmiyyətinin artırılması imkanlarını əhatə edib