Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetində “Regenerativ turizm üzrə təhsil, iqlim dəyişmələrinə uyğunlaşma və regional perspektivlər” mövzusunda beynəlxalq elmi seminar keçirilib. Tədbirdə Azərbaycanı Coğrafiya İnstitutunun direktoru Zaur İmrani təmsil edib.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) beynəlxalq layihəsi çərçivəsində təşkil olunan seminarın noyabrın 5-də keçirilən ikinci günündə iqlim dəyişmələrinin təbii ekosistemlərə təsiri, biomüxtəlifliyin qorunması, ekoloji dayanıqlılıq və Mərkəzi Asiya ilə Cənubi Qafqazda davamlı turizmin inkişaf perspektivləri müzakirə olunub.
Seminarın regional və konseptual məsələlərə həsr edilmiş sessiyasında Coğrafiya İnstitutunun direktoru Zaur İmrani “Türkdilli ölkələrin turizm potensialı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə beynəlxalq elmi tədbirin turizm potensialının qiymətləndirilməsi və regionların davamlı inkişaf imkanlarının araşdırılmasına yönəlmiş müzakirələri çərçivəsində təqdim olunub.
Sessiyada həmçinin Əl-Fərabi adına Qazax Milli Universitetinin doktorantı Diana Axmetjanova Mərkəzi Asiya buzlaqlarında iqlim dəyişmələri fonunda kriokonitlərin tədqiqinə dair araşdırmasını təqdim edib.
Almaniyanın Marburq Universitetinin professoru Kristian Opp isə “Qlobal ekoloji sindromlar” mövzusunda silsilə mühazirələrlə çıxış edib. Alim insan fəaliyyəti ilə təbii proseslərin qarşılıqlı təsirindən yaranan ekoloji problemləri təhlil edərək Aral dənizi sindromu, Dust Bowl sindromu, Sahel sindromu və kütləvi turizmin ətraf mühitə təsiri kimi məsələlərə toxunub.
Mühazirələrdə təbii ehtiyatlardan qeyri-səmərəli istifadə, torpaqların deqradasiyası, su ehtiyatlarının dəyişməsi və ekosistemlərin dayanıqlılığının zəifləməsi kimi problemlərin elmi əsaslarla öyrənilməsinin vacibliyi vurğulanıb. Müzakirə olunan mövzuların BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə təmiz su, iqlim dəyişmələrinə qarşı mübarizə və quru ekosistemlərinin mühafizəsi istiqamətləri ilə əlaqəsi qeyd edilib.
Seminarın digər sessiyalarında Qazaxıstanın Jetisu bölgəsində turizm sektorunda ekoloji dayanıqlı təcrübələrin tətbiqi, Tacikistanda iqlim mənşəli quraqlığın biomüxtəlifliyə təsiri, turizm destinasiyalarının idarə olunması və müasir geoinformasiya texnologiyalarından istifadə məsələləri ətrafında elmi məruzələr dinlənilib.
Beynəlxalq seminar iqlim dəyişmələrinə uyğunlaşma, təbii ehtiyatların qorunması və regenerativ turizmin inkişafı sahəsində elmi əməkdaşlığın genişləndirilməsi, tədqiqat nəticələrinin paylaşılması və regional təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma olub.
Tədbirin sonunda iştirakçılara beynəlxalq akademik əməkdaşlığa və elmi mübadiləyə verdikləri töhfələrə görə sertifikatlar təqdim edilib.