Bu gün Coğrafiya İnstitutunun 70 illiyinə hazırlıqla əlaqədar yığıncaq keçirildi.
İclasa sədrlik edən Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə İnstitutun direktoru, akademik Ramiz Məmmədovun təklifi ilə
İnstitutun 70 illik yubileyi ilə əlaqədar tədbirlər planına salınmış səyyar elmi səfər barədə məlumat verdi. O bildirdi ki, təbliğat-təşviqat xarakteri daşıyan bu tədbiri keçirməkdə əsas məqsəd AMEA Coğrafiya İnstitutunun 70 illik fəaliyyəti dövründə qazanılmış nailiyyətlərlə əhalini tanış etmək, insanlarımızı coğrafiyanın əhatə etdiyi tədqiqat sahələri haqqında məlumatlandırmaq, coğrafiya elminə olan marağı artırmaqdır.
Sonra İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək, 2 gün davam edəcək səfərin Bakı-Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə baş tutacağını və bu ilin iyun ayının ortalarına planlaşdırıldığını diqqətə çatdırdı. H.Haqverdiyev elmi xarakter daşıyan bu tədbirdə alimlərimizin yerlərdə - icra hakimiyyəti, bələdiyyələr, ayrı-ayrı təsərrüfat sahələrində kollektivlər ilə görüşlərdə iştirak edəcəyini, onların sakinləri maraqlandıran sualları cavablandıracaqlarını bildirdi.
Xüsusu video çəkilişləri və fotoşəkillərlə müşayiət olunan yüksək səviyyəli tədbir əlaqədar saytlarda, kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılacaqdır.