Naxçıvanda konfrans May 23, 2015 | 09:05 / KONFRANSLAR

Mayın 22-də Naxçıvan şəhərində AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və AMEA-nın Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Ulu öndər H.Ə.Əliyevin anadan olmasının 92-ci ildönümü və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi” mövzusunda  yubiley konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Ulu öndər H.Ə.Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə edib. O, Heydər Əliyevin Azərbaycanda elmi inkişafındakı rolundan, Coğrafiya İnstitutunun 70 illik tarixindən, Naxçıvan Muxtar Respublikasında   müxtəlif coğrafi istiqamətlərdə aparılan tədqiqatlardan və əldə olunan nəticələrdən söhbət açıb,  Naxçıvanın tarixini və bölmənin fəaliyyətini əks etdirən kitabları və atlası Coğrafiya İnstitutuna hədiyyə edib.

Ardınca AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri, akademik Ramiz Məmmədov “AMEA Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər və perspektivlər” adlı məruzəsində əvvəlcə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb.  Coğrafiya İnstitutunun  yaranma tarixindən, inkişaf perspektivləri, prioritet istiqamətləri, nəşr fəaliyyəti, beynəlxalq əlaqələr, və s. danışan akademik öz tərəfindən İnstitutun fəaliyyətini əks etdirən kitabları, eləcə də müəllifi olduğu “Xəzər dənizinin hidrometeoroloji atlası”nı bölmə rəhbərinə təqdim edib.

Sonra c.ü.f.d., dos. S.Y.Quliyevanın  «Naxçıvanın arid və semiarid təbii geosistemlərində səhralaşma prosesinin inkişafı», c. e.d. X.K.Tanrıverdiyevin  “Naxçıvan relyefinin müasir ekogeomorfoloji problemləri”, c.ü.f.d. dos. M.S.Həsənovun “Naxçıvanda iqlim dəyişkənliklərinə adaptasiyanın aqroiqlim məsələləri”, c.e.d. Z.N.Eminovun “Naxçıvanda əhali məskunlaşması və miqrasiya problemləri” və c.e.d. R.M.Qaşqayın, “Naxçıvanın su ehtiyatları və əhalinin su ilə təminat problemləri” mövzularında məruzələri dinlənilib.

Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Coğrafiya Cəmiyyətinin Naxçıvan bölməsinin sədri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli   çıxış edərək Naxçıvan Muxtar Respublikasının coğrafiyasının tədqiqi  və bu sahədə fundamental əsərlərin nəşrə hazırlanması istiqamətində görüləcək işlər barədə layihə təklifi irəli sürüblər.

Məruzələr ətrafında müzakirələr aparılıb, verilən suallar məruzəçilər tərəfindən geniş cavablandırılıb. Konfrans iştirakçıları qərara gəliblər ki, Muxtar Respublika ilə elmi əlaqələri genişləndirmək məqsədilə  Naxçıvan bölməsinə mütəmadi səyyar görüşlər və ekspedisiyalar  təşkil olunsun.

Konfrans bitdikdən sonra Coğrafiya İnstitutu  və Naxçıvan bölməsinin əməkdaşları Ümummilli liderin heykəlini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Onlar həmçinin   Heydər Əliyev Mərkəzində olub,  Naxçıvan Dövlət Tarix Muzeyinə də gediblər.