BDU-nun, eləcə də digər ali təhsil müəssisələrinin coğrafiya fakültələrnin tələbələri elmi təcrübə keçmək üçün AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutuna gəlirlər.
Məlum olduğu kimi, Coğrafıya İnstitutu nəzdində 2014-cü ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, Universitet və İnstitut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə xidmət edən Elm və Tədris Mərkəzi (ETM) fəaliyyət göstərir.
Tələbələr İnstitutda aparılan elmi-tədqiqat işləri, onların yerinə yetirilmə xüsusiyyətləri, bu sahədə əldə olunmuş nailiyyətlərlə yaxından tanış olurlar. İnstitutun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, eləcə də İnstitutun müxtəlif ixtisaslar üzrə digər aparıcı elmi işçiləri tələbələr qarşısında çıxışlar edir, onları maraqlandıran suallara ətraflı cavablar verirlər. Onlar coğrafiyanın ayrı-ayrı sahələrinin elmi problemləri, onların həlli yolları və bu haqda İnstitutda çap edilmiş elmi məqalələr, kitablar haqqında geniş məlumatlar verir, tələbələri coğrafiya elminin ən prioritet istiqamətləri üzrə tədqiqat aparmağa istiqamətləndirirlər.
Bir ay müddətində davam edəcək təcrübə zamanı tələbələr İnstitutun ayrı-ayrı şöbələrində istifadə olunan elmi materiallar, tədqiqat vəsaitləri və müasir cihazlarla yaxından tanış olacaq, özlərini gələcəkdə aparacaqları coğrafi tədqiqatlara hazırlayacaqlar.