Qolf federasiyasında görüş Okt 26, 2015 | 11:10 / TƏDBİRLƏR

Oktyabrın 25-də Azərbaycan Qolf Federasiyasında “National Geographic Azərbaycan” jurnalının redaksiya heyəti və Coğrafiya İnstitutunun əməkdaşları arasında qeyri-rəsmi görüş keçirilib.

 “National Geographic Azərbaycan” jurnalının təşkilatçılığı ilə baş tutan görüşün əsas məqsədi iki qurum arasındakı əməkdaşlıq əlaqələrinin  güclənməsidir.

Çay süfrəsi arxasında keçən qeyri-rəsmi söhbətdən sonra tədbir iştirakçıları görüşü konfrans zalında davam etdiriblər. Əvvəlcə baş redaktor  Seymur Teymurov jurnal haqqında geniş məlumat verərək “National Geographic Azərbaycan” jurnalının yarandığı gündən  bu günədək qazandığı nailiyyətlərdən və qarşıya çıxan problemlərdən söhbət açıb. O, qeyd edib ki, iki azərbaycanlı fotojurnalistin məqalələri 26 dildə nəşr olunan və 40 milyondan artıq oxucusu olan Milli Coğrafiya Cəmiyyətinin (ABŞ) “National Geographic” jurnalının bu ilin ən yaxşı foto-məqalələri sırasına daxil edilib.

Sonra Coğrafiya İnstitutun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi müəssisənin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdən, qazandığı nailiyyətlərdən, yeni nəşrlərdən  geniş məlumat verib. Nəzərə çatdırıb ki, həyatın bütün sahələrini əhatə edən coğrafiya elmi “National Geographic” jurnalının bilavasitə maraq dairəsidir.

Coğrafiya İnstitutunun həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev də çıxış edərək İnstitutun son illərdəki fəaliyyətini xüsusi qeyd edib, jurnalın coğrafiya ilə sıx əlaqədə olduğunu bir daha  vurğulayıb.

Akademik Ramiz Məmmədov və baş redaktor Seymur Teymurov belə görüşlərin mütəmadi keçiriləcəyini və onların qarşılıqlı əlaqələrə müsbət təsir edəcəyinə inandıqlarını söyləyiblər.

Tədbir  qolf meydançasında xoş əhval-ruhiyyə ilə davam edib.