“Pont-Xəzər hövzəsində biomüxtəliflik” Yan 27, 2016 | 12:01 / TƏDBİRLƏR

2016-cı il yanvarın 25-də AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda  “Pont-Xəzər  hövzəsində biomüxtəliflik” beynəlxalq proqram  layihəsinin təqdimatı keçirilib.

Layihə ilə əlaqədar Bakıya gəlmiş Niderland “Təbiətin  Biomüxtəlifliyi Mərkəzi”nin baş elmi işçisi, “Avropa Birliyi – Qürur” proqramının direktoru, doktor Frank Vesseling və Utrext Universitetinin elmi işçisi doktor Kristian van Baak Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə ilə görüşüb, layihə ətrafında müzakirələr aparıblar.

Sonra doktor Frank Vesseling institut əməkdaşlarının iştirakı ilə layihənin təqdimatını keçirib, layihə haqqında iştirakçılara geniş məlumat verib. Proqramın  əsas məqsədi  Dördüncü dövrdə Pont-Xəzər hövzəsində (Xəzər, Qara və Mərmərə dənizlərində) biomüxtəlifliyin inkişafının öyrənilməsidir.  Layihə rəhbəri Rumıniya, İngiltərə, Hollandiya, İran, Rusiya, İspaniyadan 15 aspirantın, eləcə də müxtəlif ölkələrdən mütəxəssis-alimlərin qoşulduğu proqram çərçivəsində  aparılacaq tədqiqatların əhəmiyyətindən danışıb. O qeyd edib ki, Pont-Xəzər hövzəsində mikro və makrofaunanın palinologi, geokimyəvi  və s. tədqiqi, onların miqrasiya yollarının  təyin edilməsi Pont-Xəzər hövzəsinin Dördüncü dövr ərzində su səviyyəsi dəyişkənliyinin, iqliminin və s. öyrənilməsi üçün  mühüm rol oynayır.

Paleocoğrafiya şöbəsinin müdiri c.e.d. Yelena Tağıyeva bildirib ki, Coğrafiya İnstitutunun həmin layihədə iştirakı onun qarşısında bir sıra imkanlar açacaqdır. İnstitut əməkdaşları əlaqədar Beynəlxalq konfranslarda, çöl ekspedisiyalarında iştirak edəcək, Dördüncü dövr süxur nümunələrini araşdıracaq, əməkdaşlar elmi əsərlərini impakt faktorlu jurnallarda dərc etmək imkanı əldə edəcəklər.

 Xanım Rzazadə,

ictimaiyyətlə əlaqələrə məsul şəxs