EŞ ilə ES-in birgə iclası Mart 03, 2016 | 09:03 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə martın 2-də Coğrafiya İnstitutunun elmi şurası ilə elmi seminarının növbəti birgə iclası keçirilib.

Milli Aerokosmik Agentliyinin əməkdaşı Elvin Alıyevin “Məsafədən zondlama verilənləri və coğrafi informasiya texnologiyaları əsasında daşınmaz əmlakın kadastrının aparılması məsələləri” mövzusunda məruzəsi dinlənilib.  Müəllif  respublikamızda və xarici ölkələrdə kadastrın müasir vəziyyətini  tədqiq etmiş, vahid kadastr sisteminin yeni modelini təklif etmişdir.  Yüksək ayırdetməli aerokosmik verilənlərə əsasən daşınmaz əmlak bazarında aktiv sahələrin təyini, ALS və CİS əsasında kadastr planlarının tərtibi və CİS texnologiyalarına əsasən “su basmış sahələrin və ziyan dəymiş daşınmaz əmlakların operativ təyini” metodlarını işləyib hazırlamışdır. 

Sonra akademik Ramiz Məmmədov iclas iştirakçılarına bu ilin sentyabr ayında Şəki şəhərində keçiriləcək elmi-praktiki konfrans haqqında məlumat verib. “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının  perspektivləri və regional problemləri” mövzusuna həsr olunan  tədbir AMEA H.Əliyev adına Coğrafiya İnstitutu, AMEA Şəki Elm Mərkəzi və  Şəki rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq. 

Daha sonra  Coğrafiya  İnstitutunda  elmlər doktoru və fəlsəfə doktoru hazırlanması, magistrlərin elmi fəaliyyətinin təhlilinin həyata keçirilməsi və institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması məqsədi ilə Təhsil şöbəsinin yaradılması haqqında qərar qəbul olunub və şöbənin əsasnaməsi təsdiq edilib.

Coğrafiya İnstitutunda  gənc aspirantlar üçün müntəzəm surətdə seminarlar təşkil edilməsi məsələsi müzakirə olunub və bu seminarlarda coğrafiya elminin müxtəlif sahələrinə aid  ixtisaslı mütəxəssislər tərəfindən aspirantlara  mühazirələr oxunması qərara alınıb.

Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aspirantı Mahir Nadirovun dissertasiya işinin keçmiş elmi rəhbəri, mərhum akademik Budaq Budaqovun əvəzinə c.e.ü.f.d. Mirnuh İsmayılov yeni elmi rəhbər təyin edilib.